Gündəm

Eldar Əmirov: “Hər bir normal insan fəaliyyət göstərdiyi sahədə irəliləmək, yüksəlmək istəyir”

Eldar Əmirov: “Hər bir normal insan fəaliyyət göstərdiyi sahədə irəliləmək, yüksəlmək istəyir”

AMEA Prezidenti Katibliyinin rəisi Eldar Əmirov saytımızda onunla bağlı yayımlanan ittihamlara cavab verib.

Demokrat.az xəbər verir ki, Eldar Əmirov bildirib:

“Doğrusu, haqqımda yazılanları gülüşlə qarşıladım. Mən universitet illərindən elmi axtarışlarla məşğulam. İlk kitabım “Tarixin fəlsəfəsinə dair düşüncələr” adlı monoqrafiyam mənə hələ ikinci kurs tələbəsi olarkən, 2005-ci ildə “Təhsil” nəşriyyatı tərəfindən nəşr olunub. Həmin dövrdən indiyədək aktiv elmi – pedaqoji fəaliyyətimə bir an belə olsun fasilə verməmişəm. Bu illər ərzində 4 monoqrafiyam, 40-dan çox elmi məqaləm Azərbaycanın, Rusiyanın, Ukraynanın, Türkiyənin, Gürcüstanın müxtəlif nüfuzlu elmi jurnallarında işıq üzü görüb. Mən hazırda fəlsəfə doktoru və dosentəm. Elmlər doktorluğu dissertasiyası üzərində çalışıram və bunu tam təbii hesab edirəm. General olmaq istəməyən əsgər əsgər deyil. Hər bir normal insan fəaliyyət göstərdiyi sahədə irəliləmək, yüksəlmək istəyir. Belə bir istəyin olmaması anormaldır".

"O ki, qaldı mənim guya AMEA-da kadr məsələlərinə müdaxilə etməyimə, bu tamamilə cəfəngiyyatdır. AMEA-nın iş prinsipini bilməyənlərin diqqətinə çatdırmaq istəyirəm ki, institut direktorları müvafiq bölmədə seçildikdən sonra Rəyasət Heyətində təsdiq olunur. Yəni, qurumda heç bir şəxsin fərdi qaydada təyinat həyata keçirmək hüququ yoxdur. Digər tərəfdən, rəhbəri olduğun AMEA prezidentinin katibliyi konkret funksiyalar həyata keçirir və kadr məsələləri ümumiyyətlə bizim səlahiyyətimizə aid deyil. Mənim guya hansısa ideoloji xətt müəyyən etməyim haqqındakı fikir də absurddur. AMEA siyasi qurum deyil, elmi qurumdur. Elmin isə ideologiyası olmur. Onun öz qanunları və metodları var. Səsləndirilən iddiaları gülünc və absurd hesab edirəm. Yaxşı olardı ki, mətbuat nümayəndələri hər hansı mövzu haqqında yazarkən obyektivlik naminə onu dərindən araşdırsınlar, reallığı dəqiqləşdirdikdən sonra ictimaiyyətə məlumat versinlər. İctimaiyyəti saxta məlumatlarla çaşdırmaq, şər-böhtan atmaq insan ləyaqətinə yaraşmadığı kimi ciddi mətbuatın iş prinsiplərilə də ziddiyyət təşkil edir”, deyə Eldar Əmirov qeyd edib.

Qeyd edək ki, bu gün Demokrat.az saytında "Eldar Əmirov kimdir? — AMEA-ya “De-fakto” rəhbərliyi o edir…" başlıqlı xəbər verilmişdi.

Demokrat.az

D
demokrat.az