Gündəm

Hikmət Babaoğlu: “Media Reyestrinin yaradılması yerli medianın inkişafına təkan verəcək”

Hikmət Babaoğlu: “Media Reyestrinin yaradılması yerli medianın inkişafına təkan verəcək”

“Media haqqında” qanunun tətbiq edilməsi mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat qeyd edib ki, yeni qanun bu inkişafı bütün parametrlərlə özündə təmin edə biləcək hüquqi əsasları və azadlıqları ehtiva edir:

“Təbii ki, bu da informasiya cəmiyyətinin zəruri tələblərindən biridir. Yeni cəmiyyət və media münasibətləri kontekstində aktual olan mühüm məsələlərdən biri də peşəkar və media məsuliyyəti problemi idi. Yeni qanunda bu məsələləri tənzimləyən hüquqi mexanizmlər də öz əksini tapıb. Yəni, Media Reyestrinin önümüzdəki 6 ay ərzində yaradılmasının nəzərdə tutulması jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi baxımından vacibdir. Habelə, yeni qanunun tətbiqi sayəsində tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədin müəyyən edilməsi, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması kimi strateji istiqamətlərin inkişafı üçün hüquqi əsaslar yaradılacaq. Bütün bunlar da mediamızın əldə edə biləcəyi mühüm nailiyyətlər kimi xarakterizə oluna bilər”.

H.Babaoğlu əlavə edib ki, ən mühüm məsələlərdən biri jurnalistlərin məişət problemlərinin həll edilməsi məqsədilə mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması məsələsidir:

“Bu mənada jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla, mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistlə növbəti qayğısıdır. Bu yeni yanaşma jurnalistlərin məişət problemlərini kütləvi və birbaşa həll etmə imkanları yaradacaq. İki kateqoriyada güzəşt hüququnun tanınması isə həm 5 il jurnalist kimi əmək fəaliyyəti olan jurnalistlərə, həm də 15 illik əmək stajı olanları nəzərdə tutur. Bu da demək olar ki, davamlı jurnalistika fəaliyyəti ilə məşğul olan bütün jurnalistləri əhatə edir. Ona görə də, media qanunun tətbiqinə paralel olaraq jurnalistlərin güzəştli kreditlərdən istifadə etməsi üçün hüquqi bazanın yaradılmasını mediamızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi kimi xarakterizə edilməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az