Xəbər verdiyimiz kimi, BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Bununla bağlı Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Bəs BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi hansı dəyişikliklərə səbəb ola bilər? Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. Deputat qeyd edib ki, bunun hansısa müsbət dəyişikliyə səbəb olacağına inanmır: “Bu, sadəcə şəxslərdən alınıb, qurumlara verilməsi məsələsidir. Bu, doğru addımdır, amma müsbət dəyişikliyə sahib olması üçün Bakı şəhərinin infrastrukturu dəyişməlidir. Bakı şəhərində şəhərsalma faciəli vəziyyətdədir, yollar dardır, kanalizasiya sistemi demək olar ki, yoxdur. Bunu kim dəyişəcək? Necə dəyişəcək? Ona görə də, şəhəri bir bələdiyyə modelinə keçirtmək daha aktualdır. Şəhəri ancaq kollegiyalar, idarə formasında, vətəndaş təşəbbüskarlığı ilə nələrisə dəyişmək olar”.
“Belə mülikiyyət toxunulmazlığı məsələsi məhkəmə platformasında tam şəkildə qorunmalıdır ki, insanlar müəyyən dərəcədə bu mülkiyyətin qorunması prinsipi üzrə özlərinin tikililərini və başqa müəssisələrini qoruya bilsinlər. Çünki çox vaxt bunların sökülməsi subyektiv qərarlarla insanları qorxudur. Yəni, şəhərdə kim harada nə gəldi tikə, inşa etdirə bilir. Bu da böyük bir problemdir. Ona görə də, yağış suyunun axması üçün yol saxlanmayıbsa, kanalizasiya bərbad vəziyyətdədirsə, burada yeni bir yol çəkilməyəcəksə, həmin avtobusdur, həmin maşınlardır. Heç nə dəyişməyəcək. Məncə, ola bilər ki, idarəetmədə müəyyən nələrsə dəyişə bilər. Amma bütövlükdə fundamental bir dəyişikliyin baş verəcəyini gözləmirəm”- deyə, millət vəkili vurğulayıb.
Aynurə Pənahqızı Demokrat.az


