“Mübariz İbrahimov adını Azərbaycan tarixinə yazdırmış bir Milli Qəhrəmandır. Bu gün Mübarizin qəhrəmanlığı ilə təkcə Azərbaycan deyil, bütün türk dünyası fəxr edir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, Mübarizin igidliyi, qəhrəmanlığı heç vaxt unudulmayacaq:
“Mübariz İbrahimov dövrümüzün əsl qəhrəmanlıq, igidlik, cəsurluq simvoludur. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov qorxmadan, çəkinmədən təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçmiş və Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv etmişdir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşmüşdür. Bu döyüşdə düşmənə çox ağır itki vermiş və özü də qəhrəmancasına şəhid olmuşdur. Mübariz İbrahimov düşmənə elə bir ağır zərbə endirmişdir ki, hətta onun nəşindən belə düşmən qorxurdu. Düşmən tərəfi inana bilmirdi ki, bir Azərbaycan oğlu təkbaşına bunu edə bilsin. Onlar düşünürdü ki, onların üzərinə böyük tabor hücuma keçib və onları belə bir itkiyə uğradıb. Göründüyü kimi, Mübariz İbrahimov bu qəhrəmanlığı, şücaəti ilə düşmən tərəfinə, düşmənin havadarlarına başa saldı ki, Azərbaycan qətiyyən bu məğlubiyyətlə barışmayacaq və nəyin bahasına olursa-olsun biz torpaqlarımızı işğaldan azad edəcəyik. Əlbəttə, belə də oldu”.
Millət vəkili əlavə edib ki, Mübariz İbrahimovun bu qəhrəmanlığı İkinci Qarabağ döyüşlərində də davam etdirildi:
“Bizim əsgər və zabitlərimiz torpaq uğrunda canlarını fəda etdilər, bu günləri minlərlə Mübariz İbrahimovumuz var. Şükürlər olsun ki, biz bu igidlərimiz və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalda olan torpaqlarımızı azad edə bilmişik”.
Aynurə Pənahqızı Demokrat.az


