Media

“Söz və mətbuat azadlığı ilə bağlı hüquqi-siyasi kontekstdə heç bir problem yoxdur”

“Söz və mətbuat azadlığı ilə bağlı hüquqi-siyasi kontekstdə heç bir problem yoxdur”

Hər bir cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Çünki, dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir. Bu baxımdan, mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir, ifadə azadlığı, plüralizm və bunların təmini hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin göstəricisidir.

Təsadüfi deyil ki, hüquqi dövlət quruculuğu və demokratiyanın ölçülməsində də bu hüquq və azadlıqlar əsas indikatorlardan biri sayılaraq bir çox indekslərdə istifadə olunur və ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsinin demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Hazırda ölkəmizdə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqe sərgiləmək imkanı varsa, deməli, Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Sözsüz ki, bu azadlıqlar, bu plüralizm dövlətin diqqət və qayğısı, yaradılan şərait sayəsində formalaşıb. Müstəqil medianın inkişafına dövlət dəstəyi söz və fikir azadlığının yaranmasını şərtləndirir və sözsüz ki, bu baxımdan da plüralizmin inkişafında dövlətimizin rolu danılmazdır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “Demokrat.az”a açıqlamasında bildirib ki, fikir, plüralizmi, söz və mətbuat azadlığı hər bir azərbaycan vətəndaşına tanınan konstitusion hüquqdur. Deputat qeyd edib ki, bu, çoxsaylı qanunlarla da təmin edilb:

“Elə ən son qəbul etdiyimiz “Media haqqında” Qanunda da bir daha konstitusiyamıza istinad edilərək, söz və mətbuat azadlığının təminatı məsələsinə toxunulub. Ona görə də, hüquqi-siyasi kontekstdə bu sahədə heç bir problem yoxdur. Real informasiya mübadiləsi sahəsində də, yəni məlumatı əldə etmək, onu ötürmək, emal etmək, xəbər istehsal etmək kimi professional sahələrdə də son dövrlərdə hər şey qaydasına düşməkdədir. Belə olan halda, əgər mütləq problemdən danışmaq istəyiriksə, o zaman informasiya sektorunda kadrların hazırlıq səviyyəsi məsələsindən, yaxud cəmiyyəti informasiya ilə təmin etməli olan, öz fəaliyyəti haqqında məlumatları mütəmadi olaraq ictimai diqqətə təqdim etmək öhdəliyi olan ixtisaslaşmış rəsmi, ya da qeyri-rəsmi qurumların informasiya mübadiləsinə olan münasibətlərindən danışa bilərik”.

“Söz və mətbuat azadlığı ilə bağlı hüquqi-siyasi kontekstdə heç bir problem yoxdur”
Millət vəkilinin sözlərinə görə, hər bir cəmiyyətdə müxtəlif resurslar var:

“Onlar tükənən və tükənməyən resurslar kimi iki kateqoriyaya bölünür. İnformasiya tükənməyən resursdur, çünki nə qədər əldə edə bilsək, yenə də əldə etmək mümkündür. Elə elm də informasiyanın ali forması olan tükənməzdir. Ondan necə və nə qədər əldə edə bilmək isə peşəkarlıq keyfiyyətlərindən asılıdır. Ona görə də, biz yaşadığımız informasiya cəmiyyətinin tələblərini, çağırışlarını nəzərə almağı və onunla ayaqlaşmağı bacarmalıyıq. Düşünürəm ki, bu istiqamətdə son dövrlərdə xeyli keyfiyyət dəyişikliyi baş verib və ən önəmlisi isə odur ki, bu, bir proses kimi davam edir. Ona görə də, biz problemlərlə bərabər uğurlardan da danışmalıyıq”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, jurnalist Fərid Şahbazlı isə “Demokrat.az”a açıqlamasında vurğulayıb ki, ölkəmizdə fikir, söz, mətbuat azadlığının inkişaf etdirilməsi üçün dövlətimizin ciddi siyasi iradəsi ortadadır. O, qeyd edib ki, jurnalistlərin azad, rahat fəaliyyəti, eyni zamanda, jurnalistlərin sosial problemlərinin ümumən həlli daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir:

“Bundan başqa, Azərbaycanda artıq təkcə yazılı media deyil, eyni zamanda internet media nümunələrinin də fəaliyyəti dəstəklənir. Onların iqtisadi azadlığına dəstək verilməsi, onların fəaliyyətinin daha keyfiyyətli mərhələyə keçirilməsi üçün Medianın İnkişafı Agentliyinin timsalında Azərbaycan dövləti tərəfindən mühüm addımlar atılmaqdadır. Burada əsas məqsəd Azərbaycan mediasının müasir çağırışlara uyğun formada formalaşmasına dəstək vermək, Azərbaycan mediasının maddi-texniki bazasının güclənməsinə, habelə medianın keyfiyyətli informasiya istehsalına dəstək verməkdir. Bilirsiniz ki, uzun illərdir ki, Azərbaycanda Mətbuat Şurası fəaliyyət göstərir. Onun yaradılmasında əsas məqsədlərdən biri jurnalistləri məhkəmə çəkişmələrindən qorumaq, media ilə vətəndaşlar, ayrı-ayrı qurumlar arasında yaranan problemləri məhkəməyə qədər olan həllinə nail olmaqdır. Bu da hər bir jurnalist üçün çox mühümdür“.

“Söz və mətbuat azadlığı ilə bağlı hüquqi-siyasi kontekstdə heç bir problem yoxdur”
F.Şahbazlı bu sahədə də müəyyən problemlərin olduğunu diqqətə çatdırıb: “Hazırda jurnalistlərin qarşılaşdığı ən ciddi problemlərdən biri informasiya toplamaq sahəsindədir. Bu gün bir çox dövlət qurumlarından informasiya almaq, hansısa sorğuya cavab almaq olduqca çətin və müşkül məsələyə çevrilib. Dövlət qurumları ya bu sorğuya ümumiyyətlə cavab vermirlər, ya da verdikləri o qədər gec, operativlikdən uzaq olur ki, həmin informasiyaların heç bir dəyəri, əhəmiyyəti olmur. Bir çox dövlət qurumlarına təcili sorğu ünvanlanan zaman, onlar yazılı şəkildə müraciət etməli olduğumuzu bildirirlər. Bu və ya digər şəkildə jurnalistin qanunla müəyyən olunan informasiya toplamaq hüququna məhdudiyyətlər gətirirlər. Mən hesab edirəm ki, bu məsələ yenidən gündəmə gəlməlidir. Bu məsələdə dövlət qurumlarının mətbuata, informasiyaya cavabdeh olan şəxslərinə iş üzrə təlimlər keçirilməlidir. Doğurdan da, bu gün təhsil sahəsində, səhiyyə sahəsində mütəmadi baş verən hadisələr və s. barədə məlumat almaq demək olar ki, çox müşkül məsələyə çevrilib. Jurnalistin verdiyi sorğuya adekvat cavab verilməməsi, şübhəsiz ki, Azərbaycanda aparılan media siyasətinin ruhuna uyğun olmayan münasibətdir. Hesab edirəm ki, Azərbaycanda jurnalistlərin qarşılaşdığı ən ciddi problemlərdən biri budur və bu istiqamətdə məsələyə yenidən baxılmalıdır. Hesab edirəm ki, bu problem həll olunarsa, o zaman bu, jurnalistlərin daha rahat informasiya almasına gətirib çıxardacaq”.

Aynurə Pənahqızı Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

“Söz və mətbuat azadlığı ilə bağlı hüquqi-siyasi kontekstdə heç bir problem yoxdur”
Demokrat.az

D
demokrat.az