Gündəm

“Yekun sülh sazişinin imzalanacağı gün uzaqda deyil”— Deputat

“Yekun sülh sazişinin imzalanacağı gün uzaqda deyil”— Deputat

“Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə videoformat şəklində görüşün keçirilməsi hər şeydən öncə ona dəlalət edir ki, Azərbaycanın haqlı mövqeləri Avropa İttifaqı tərəfindən qəbul olunmaqdadır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.

Deputat görüş zamanı nə Qondarma Dağlıq Qarabağın statusundan, nə də ATƏT-in Minsk qrupundan bir kəlmə də olsun danışılmadığını vurğulayıb:

“Təbii ki, bütün bunlar Ermənistanın istinad etməyə çalışdığı amillər idi. Yəni, Ermənistan baş naziri Nikol Paşinyan hələ ötən ilin sonlarında Rusiyadan öncə Brüsseldə görüş keçirməyə ümid edirdi. Bu ümid də əsasən ona bağlı idi ki, Paşinyan zaman qazanmağı düşünürdü. Bununla da, vəziyyətin qismən də olsa Ermənistan üçün yüngülləşməsinə nail olmağa çalışırdı, amma bu, baş vermədi. Ötən il noyabrın 26-da Soçidə görüş baş tutdu və həmin görüş zamanı Vladimir Putin bildirdi ki, Brüsselə əliboş getmək olmaz, yəni artıq bütün prinsipal məsələlər Rusiyada razılaşdırılmışdı. Həm 2020-ci il noyabrın 10-da imzalanmış Birgə Bəyanatda, həm ötən il yanvar ayının 11-də imzalanmış Moskva sənədində, ondan sonra isə 26 noyabrda Soçi şəhərində imzalanmış sənəddə yer alan məqamlar Azərbaycanın haqlı maraqlarına uyğun idi. Belə ki, Azərbaycan həmin sənədlərdə ifadəsini tapmış istiqamətlər üzrə praktiki addımlar atmışdı və atmaqda olduğunu da bildirirdi. Çünki bu müqavilələr sülh sazişinin imzalanmasına aparan məqamlardır, yəni yekun sülh sazişinin şərtlərini özündə ifadə etməkdədir. Ötən il dekabrın 14-də Brüsseldə baş tutan görüşlər zamanı da az öncə haqqında danışdığım 3 sənədə istinad olundu. Görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməli, kommunikasiyalar açılmalı olduğu diqqətə çatdırıldı. Bu da Azərbaycanın təşəbbüsü ilə məlum sənədlərdə öz təşəbbüsünnü tapan məqamlar idi”.

“Nəhayət, fevralın 4-də Makronun təşəbbüsü ilə baş tutan görüş ona dəlalət edir ki, Avropa və Ermənistan yekun sülh sazişinin tez bir zamanda imzalanmasından başqa alternativ görmürlər. Vaxtilə həm Fransa, həm də Ermənistan rəhbərliyi vəziyyyətin dəyişdirilməsi uğrunda mübarizə aparırdılar. Bunun üçün çox cəhdlər oldu, lakin bir nəticə əldə olunmadı, Azərbaycanın güc mövqeyi öz təsdiqini tapdı. Azərbaycan prezidenti videoformat şəklində baş tutmuş görüşdə aydın mətnlə ifadə etdi ki, Ermənistanın bu gün hər hansı bir iddia ilə çıxış etməyə mənəvi əsası yoxdur. Belə ki, Cənab Prezident hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, taleyindən hələ də xəbər olmayan 4 minə qədər soydaşımız haqqında xatırlatma etdi. Bu, Ermənistanın dövlət kimi cinayətkar, terrorçu mahiyyətini ortaya qoymuş oldu. Ölkə prezidenti İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın cinayətlərini xatırlatmaqla kifayətlənmədi. Birinci Qarabağ müharibəsi zamanı da dinc əhaliyə qarşı necə davranıldığını xatırlatdı. Ən başlıca məqamlardan biri də odur ki, hazırki məqamda Ermənistan tərəfindən sistemsiz şəkildə Azərbaycan torpaqlarında quraşdırılmış minaların təmizlənməsinin vacibliyi vurğulandı. Bunun üçün Ermənistan daha dəqiq xəritəni təqdim etməlidir. Azərbaycanın mövqeyinin ölkə prezidenti tərəfindən bir daha aydın şəkildə ifadə olunması, bütövlükdə Makronun və Şarl Mişelin simasında Avropanın da oxşar mövqedən çıxış etməsi bir daha Azərbaycanın diplomatik qələbəsini təsdiq etmiş oldu. Ona görə də dünənki baş tutmuş görüşə istinad edərək vurğulaya bilərik ki, yekun sülh sazişinin imzalanacağı gün uzaqda deyil. Azərbaycan hərbi qələbəsindən sonra siyasi-strateji diplomatik qələbəsinə doğru uğurla, inamla addımlamaqdadır”- deyə, deputat əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az