Gündəm

Deputat: “Bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”

Deputat: “Bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyənləşərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış əsas vacib vəzifədən biri kimi təsbit edilib.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputatın sözlərinə görə, Böyük Qayıdışın uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya təmin olunmalıdır:

“Bu mənada işğaldan azad olunmuş ərazilərdə aparılan işlərin hazırkı mərhələsi məhz bu ilin yaz-yay aylarından başlanacaq. Əsas məqsəd isə məskunlaşmanın dayanıqlılığını təmin etməkdir. Sual oluna bilər ki, dayanıqlılıq necə təmin olunacaq? Bunun üçün ötən il fevralın 2-də dövlət başçısının imzaladığı Sərəncam bizim üçün yol xəritəsidir və həmin hüquqi aktda da qeyd edildiyi kimi, həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır. Sevindirici hal budur ki, çox az müddət keçməsinə baxmayaraq, məqsədlərimiz kağız üzərində plan olaraq qalmayıb, kifayət qədər işlər görülüb. Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda, prezident İlham Əliyevin də çıxışında vurğulandığı kimi, biz keçən il bütün enerji şəbəkəmizi qurmuşuq. Azad edilmiş torpaqlarımızda bu il 5 su elektrik stansiyası da inşa ediləcək. Habelə, 2022-ci il ərzində isə infrastruktur işləri ilə yanaşı, həm də məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq. Pilot layihə kimi tamamlanan Ağalı kəndinin inşası isə tamamlanıb və dövlət başçısının da müjdələdiyi kimi artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.

“Böyük Qayıdışın tam mənada reallaşması üçün Qarabağ və Şərqi Zəngəzurda əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılmasının təmin edilməsinə nail olmalıyıq. Bu isə arzuolunan şəkildə yalnız və yalnız insanlar üçün rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlığın təmin olunması, regionun iqtisadi potensialından səmərəli istifadə edilməsini təmin etdiyimiz halda mümkün ola bilər. Cənab Prezident ötən günkü çıxışında məhz dövlətimizin bu iradəsini ortaya qoyaraq, həm də bütövlükdə dünyaya mesaj vermiş oldu. Bundan başqa, bildiyiniz kimi təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün ilk şərtlərdən biri olduğu üçün, eyni zamanda paralel olaraq sürətlə minaların təmizlənməsi prosesi davam edir. Habelə, təhlükəsizliyin əsas qarantı olan ordu quruculuğu, müasir müdafiə sənayesinin formalaşdırılması prosesi davam edir ki, bu istiqamətdə irəliləyişə də yalnız müstəqil dövlətlər nail ola bilər”- deyə, deputat əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az