Milli ruhda yetişmiş, Vətənə bağlı gənc nəslin ortada olması arxayınçılıq hissləri yaratmamalıdır.
Prezident İlham Əliyev 2 fevral - Azərbaycan Gəncləri Günündə əsas fəaliyyətini elə gənclərə həsr etdi. Gənclərlə birlikdə səmimi atmosferdə saatlarla müzakirələr aparan Prezident yaxın tariximizdən, Qarabağ savaşından, ölkə gündəmində olan məsələlərdən, gənclərin təhsilindən danışdı, baxışlarını, tövsiyələrini diqqətə çatdırdı. Ölkə rəhbərinin gənclərə həmişə olduğu kimi böyük zaman sərf etməsi təsadüfi deyildi.
Təbii ki, ictimai-siyasi proseslərdə hər zaman öndə gedən, ölkənin siyasi həyatında fəal iştirak edən aparıcı qüvvə olan gənclərlə daima iş aparılmalı və bu iş sistemli xarakter daşımalıdır. Qloballaşan dünyamızın reallıqları bunu daha da aktual edir. Təsadüfi deyil ki, Prezident müvafiq tədbirlərdə bu məsələnin üzərinə xüsusi vurğu salır və yaxın tariximizlə bağlı əsl həqiqətlərin gənclərə düzgün çatdırılmasının vacibliyini önə çəkir.
Ötən dövrdə gənclərlə bağlı aparılan işi yüksək qiymətləndirmək mümkündürmü?
Açığını desək, 44 günlük Vətən müharibəsinə qədər bu qəbildən olan suallara birmənalı cavab vermək mümkün deyildi. İndiki gənclərdən şikayəti olanlar, bu gənclərlə torpaqları geri almağın mümkünsüzlüyünü deyənlər əksəriyyət təşkil edirdi. Amma Vətən müharibəsi əsl reallığı ortaya çıxardı. Məlum oldu ki, ölkədə gənclərlə düzgün, sistemli iş aparılıb və müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, dövlətinə, doğma yurduna bağlı, milli ruhda tərbiyə almış, bilikli gənc nəsil yetişib. Məhz bu gəncliyin öz varlığını göstərmək baxımından Vətən müharibəsi əvəzsiz rol oynadı. Cəmiyyət öz kökünə bağlı, heç vaxt görmədiyi doğma torpaqlarının tarixinə yaxından bələd, unutqan olmayan, gözünü qırpmadan Vətən uğrunda canını fəda edən cəsur gəncliyi gördü. Bu gənclik ölkəyə kənardan gəlməyib. Fəxr etdiyimiz gənclər məhz Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Prezident İlham Əliyevin vurğuladığı kimi tarixi qələbəmizdə əsas yükü, əsas vəzifəni bu gənc nəsil yerinə yetirdi: “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Azərbaycanda milli ruhda yetişmiş gənc nəslin olması danılmaz fakt kimi qarşımızdadır. Fəqət bu, heç də gənclərlə aparılan işi axsatmamalı, arxayınçılıq hissləri yaratmamalıdır.
Ölkə rəhbərinin gənclərlə söhbətinin ana xəttini də məhz yetkin, savadlı, milli ruha bağlı, vətənpərvər gəncliyin formalaşması, onlarla düzgün ideoloji işin aparılmasının bundan sonra da əsas vəzifələr sırasında yerini qoruyub saxlaması təşkil edirdi.
Cəmiyyətin ən enerjili hissəsi olan gəncliklə düzgün təbliğati iş aparılmadıqda, ortaya xoş olmayan mənzərə çıxır. Bu təhlükəni ayrı-ayrı ölkələrin nümunəsində də görmək mümkündür.
Bu gün sosial şəbəkələrin, azad internetin verdiyi geniş imkanlardan məqsədli şəkildə yararlanıb yaxın tariximizin təhrif olunması, gəncliyin səhv istiqamətə yönləndirilməsi kimi meyllər aradan qalxıbmı? Əlbəttə ki, yox! Azərbaycanın 20 və ya 30 yaşlı gəncinin beynini yaxın tariximizlə bağlı yanlış məlumatlarla doldurub səhv istiqamətə yönləndirmək, xarici dairələrin təsir dairəsinə salmaq hər an mümkündür. Çünki, o gənc yaxın keçmişimizin acı həqiqətlərini gözləri ilə görməyib. Nədən ölkəmizin başına bunca fəlakətlərin gəldiyini o ancaq obyektiv, dürüst mənbələrdən almaqla dərk edə bilər.
Müəyyən xarici dairələrin, ölkədə həmin dairələrə bağlı şəxslərin yeni nəsil üzərindən planlar tərtib etməsinə, onları ələ almağa, enerjilərini mənfi istiqamətə yönləndirməyə çalışmalarına seyrci qalmaq olmaz.
Müstəqilliyinin 30 illini arxada qoyan Azərbaycan dövləti bu dövrdə daha da güclənib, böyük inkişaf yolu qət edib. Böyük güc mərkəzlərində təmsil olunmaq və belə qurumlara rəhbərlik etməyə qədər irəliləyən Azərbaycan tam müstəqil, maliyyə baxımından heç kimdən asılı olmayan dövlət statusundadır. Üstəlik, dünya çapında güclü orduya sahib olan Azərbaycan təkbaşına işğal altında olan toraqlarını düşmən tapdağından azad edib. Bu vəziyyət Azərbaycanın daha da güclü olmasını istəməyən bəzi dairələri heç vaxt rahat buraxmır və buraxmayacaq. Erməni lobbisi tərəfindən maliyyələşən qurumların hər hansı boşluqlardan istifadə etmələri, istənilən yalanı ortalığa atıb bu yalan ətrafında müzakirələrin təşkili, gənclərin beyinlərini zəhərləməsi üçün iş aparması günümüzün reallığıdır. Bu isə bütün cəmiyyətimizin daha fəal olmasını, gənc nəsillə işin yeni dövrün tələblərinə uyğun gücləndirilməsini daha da aktuallaşdırır.
Prezident İlham Əliyev gənclərlə görüşündə gənc nəslin düzgün istiqamətdə tərbiyə edilməsinin gündəlik fəaliyyətimizə çevrilməsinin vacibliyinə bu sətirlərlə diqqət çəkdi: “Kənar təsir məsələsinə gəldikdə, əlbəttə, ilk növbədə, gənclər bilməlidirlər ki, bu təsirin məqsədi nədir. Əgər bu məqsəd xoş niyyətlidirsə, bu, bir məsələ. Ancaq əfsuslar olsun, bizim üzləşdiyimiz mənzərə odur ki, bu məqsədin arxasında konkret planlar var...Biz görürük ki, bir çox yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür”.
Dövlət başçısının bir qrup gənclə görüşündə səslənən mesajlar təbii ki, bütün Azərbaycan gəncliyinə ünvanlanmışdı. Bu fikirlər həm də gənclərlə yaxın gələcəkdə hansı işlərin aparılması üçün proqram xarakteri daşıyırdı. Məhz ölkənin üzünmüddətli inkişafını, gələcəyini düşünən hakimiyyət gənclərlə düzgün ideoloji iş aparmalı, gənclərə dəstək və diqqətini əsirgəməməlidir. Belə olduqda Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi daha da artır və o ölkəsi üçün daha faydalı olur. İndiyə qədər yürüdülən siyasətin ən böyük nəticəsi isə o oldu ki, milli düşüncəyə, vətənpərvərlik hissinə malik, bilkilkli gənclik yetişdi və bu gənclik Qarabağda sözünü dedi. Azərbaycan gəncliyi Vətən uğrunda döyüşlər zamanı arxa cəbhədə də yüksək fəallıq nümayiş etdirərək ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması yönündə mühüm vəzifəni yerinə yetirdi...
Sözsüz ki, dövlətimiz gənclərin problemlərinin həllinə, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə, məşğulluqlarının təmin olunmasına, həmçinin xarici ölkələrdə təhsil almalarına xidmət edən yeni-yeni addımlar atacaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək yönündə müxtəlif tədbirləri gerçəkləşdirəcək. Çünki sağlam, nümunəvi, savadlı gənclik Azərbaycanın dəyərli mənəvi xəzinəsidir.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


