Bakının Suraxanı rayonunda 1960-cı il təvəllüdlü Valeh ailə münaqişəsi zəminində faktiki arvadı Nailəni (adlar şərti verilib – red.) döyüb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il aprelin 17-də rayonun Suraxanı qəsəbəsində baş verib. Valeh həmin qəsəbədə kirayə qaldığı evdə Nailənin ona spirtli içki qəbul etməsinə görə irad bildirməsi səbəbindən mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı əvvəlcə yumruqla Nailənin sol göz nahiyəsindən vurub. Sonra zərbənin təsirindən yerə yıxılmış Nailənin sağ üz nahiyəsinə və sol arxa çiyin nahiyəsinə təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, onun rəsmi nikahda olduğu arvadı var: “Rəsmi nikahımdan doğulmuş üç oğlum və arvadım Xaçmaz rayonu, Qusarçay kəndində yaşayırlar. Nailə ilə 10 ildir faktiki nikah münasibətində Bakı şəhərində yaşayıram. Aprelin 17-də, saat 14 radələrində kirayədə yaşadığımız Əmircan qəsəbəsində evdə spirtli içki qəbul etdiyim üçün Nailə mənə çoxlu iradlar bildirdi, habelə mənə “kişisən get işlə, evə çörək al gətir, yoxsa özüm gedib, işləyəcəm və evə çörək alacam” dedi. Nailənin bu sözlərindən əsəbləşdim. Yumruqla onun sol göz nahiyəsinə vurdum. Nailə zərbənin təsirindən yerə yıxıldı. Nailə yerə yıxıldıqdan sonra isə təpiklə onun sağ üz nahiyəsinə və sol arxa çiyin nahiyəsinə vurdum. Nailənin burnundan qan gəldiyini gördüm. Daha onu vurmadım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Nailə ayağa qalxdıqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmək istəyib: “Lakin telefonu onun əlindən alaraq zəng etməsinə mane oldum. Sonradan isə Nailədən üzr istədim, peşman olduğumu bildirdim. O da etdiyim əmələ görə bağışladığını dedi. Buna baxmayaraq səhəri gün Nailə məndən 31-ci polis bölməsinə şikayət etdi”.
Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb.
Valehin barəsində Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib.
Onun barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad olunub.
Valehin barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli Demokrat.az


