Azərbaycan Respublikasının Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindəki ərazilərində və həmin ordunun himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejimin qanunsuz hərbi komandanlığı Tərtər rayonunun Ağdərə şəhərində olan işğalçı hərbçilərə yeni mənzillərin sertifikatlarını təqdim edilib. Bu barədə erməni mediası məlumat yayıb. 35 işğalçı erməni hərbçiyə sertifikatları separatçı-terrorçu rejimin qanunsuz “müdafiə ordusu”nun komandanı general-leytenant Kamo Vardanyan şəxsən təqdim edib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sahib Alıyev Demokrat.az-a açıqlamasında vurğulayıb ki, birinci dəfə deyil ki, Rusiyanın Qarabağdakı hərbi kontingenti öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər. Deputat qeyd edib ki, onlar 10 noyabr anlaşmasında üzərlərinə götürdükləri missiya ilə bağlı yer alan maddələri də yerinə yetirmirlər:

“Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz fikirlərini bildirib və bu reallıq Rusiya rəhbərliyinin də nəzərinə çatdırılıb. Açıq deməliyik ki, bu cür hərəkət təkcə Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərmir, eyni zamanda oradakı hərbi kontingentin qalma müddətini daha da daraldır. Əgər onlar üzərlərinə düşən öhdəliklərə əməl etməyəcəklərsə, o zaman Azərbaycan torpaqlarını tərk edəcəklər. Necə ki, onlardan öncəkilər tərk etmişdilər. O ki, qaldı mənzillərin verilməsi məsələsinə, qeyd edim ki, Tərtərin başqa qəsəbələrində, hətta, Suqovuşanda da Fransadan dilənilən pullar hesabına kimlərəsə evlər verilmişdir. İndi o evlərdə yaşayanlar haradadırlar? Yəni, hər kəs aydın bilməlidir ki, Azərbaycan torpağında Azərbaycan qanunlarına əməl edən, Azərbaycan bayrağını müqəddəs sayan, ona tapınan, sığınanlar yaşaya bilər. Digərlərinə isə bu torpaqlarda yer yoxdur və olmayacaq! Kimliyindən və kimlərin aləti olmasından asılı olmayaraq onlar Azərbaycan torpaqlarına ayaq basa bilməyəcəklər”.
Aynurə Pənahqızı Demokrat.az


