Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda “Müxalifət haqqında” qanun qəbul olunmalıdır. O, qeyd edib ki, bu qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək.
Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, o, “Müxalifət haqqında” qanunun qəbul olunmasının əleyhinə deyil. Partiya sədri düşünür ki, hər bir fəaliyyət növü kimi bu fəaliyyət növü də qanunla tənzimlənməlidir:
“Türkiyədə bir çox dövlət tədbirlərində ölkə başçısı, spiker, digər vəzifəli şəxslər və müxalifət lideri bir protokolda olurlar. Amma bizdə belə anlayış yoxdur. Çünki hər kəs özünü müxalifət hesab edir, biri o birisini qəbul etmir. Yaxud, hakimiyyətdəki məmurlar kimi istəyir onu müxalifət sayır. Ona görə də bu məsələlər qanunla tənzimlənsə, daha yaxşı olar. Təbii ki, tənzimlənəndən sonra müxalifətin hüquqları, vəzifələri də bəlli olmalıdır. Yəni nələr olar, o da məlum olmalıdır. Dövlət tədbirlərində, dövlət bayramlarında, digər bu kimi fəaliyyətlərdə dövlətin müxalifətlə hesablaşma və yaxud, fikirləri nəzərə almaq məsələləri, bunların hamısı tənzimlənməlidir. Ona görə də qanunun olmasının əleyhinə deyiləm. Amma qanun hansı formada olacaq, hansı maddələr olacaq, orada əlavə məhdudlaşdırıcı bəndlər olacaq, yoxsa normal müxalifətçiliyin fəaliyyətini təmin etmək, tənzimləmək üçün hansısa maddələr olacaq. Bu, başqa məsələ. Ümumiyyətlə, bu ideyaya, fikrə müsbət yanaşıram, onu faydalı, labüd hesab edirəm”.
Aynurə Pənahqızı Demokrat.az


