Sosial

Salyanda qalib gələn komandalar mükafatlandırıldı — FOTOLAR

Salyanda qalib gələn komandalar mükafatlandırıldı — FOTOLAR

Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi, Salyan rayon Təhsil Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Salyan rayon Arbatan kənd tam orta məktəbinin akt zalında karantin rejimi qaydalarına riayət edilməklə 2 fevral –Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə baş tutan "Gənclər Həftəsi" çərçivəsində "Breyn-rinq" intellektual oyunu üzrə rayon turniri keçirilib.

Demokrat.az xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirdilər.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Vətən müharibəsində də amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular.

Sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin direktoru Günel Salayeva bildirdi ki, gənclər, hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Gənc nəslə qoyulan investisiya dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı dövlətimizin daxili siyasətinin mühüm vəzifələrindəndir. Sonra iştirakçılara uğurlar arzuladı.

Püşkatmadan sonra iştirakçılara "Breyn-rinq" intellektual oyunu üzrə rayon turnirinin qaydaları izah edildi və turnirə start verildi.

Maraqlı mübarizə şəraitində keçən turnirin yekun nəticəsində III yeri Seyidsadıqlı kənd tam orta məktəbinin “Zəka” komandası, II yeri Arbatan kənd tam orta məktəbinin “Muğan” komandası, I yeri isə Qardili kənd tam orta məktəbinin “Xəzər” komandası qazandı. III və II yeri qazanan komandalara Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları, I yeri qazanan komandaya isə Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və kuboku ilə təqdim olundu.

Demokrat.az

D
demokrat.az