Gədəbəy rayonunda 1978-ci il təvəllüdlü Mustafa qonşusu Fərmanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 may 2021-ci ildə baş verib. Mustafa həmin gün saat 12 radələrində özünə məxsus fərdi yaşayış evinin həyətində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə və münaqişə zamanı Fərmanəni küt əşya ilə vurub.
İstintaq orqanı tərəfindən Mustafanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mustafa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, N.Nərimanov küçəsi ev 97 ünvanında yaşayır: “Rəsmi olaraq heç yerdə işləmirəm, heyvandarlıqla məşğul oluram. Fərmana mənim qonşumdur. Mayın 23-də, axşam arvadım Lətifə mənə zəng etdi. Bildirdi ki, Fərmanə və onun qızı Xanım onu təhqir edib. Mən isə onlara əhəmiyyət verməməyi bildirdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mayın 24-də, saat 11 radələrində evdən çıxıb və getmək istəyərkən Fərmanə və qızı Xanım küçədə dayandığını görüb: “Onlar mənim və arvadımın ünvanına təhqiredici ifadələr işlətdi, ünvanıma nalayiq söyüşlər söydülər. Mən onlara iradımı bildirdim. Mübahisədən çəkindim. Bir qədər aralaşaraq Fərmanə və Xanımın məni görməməsi üçün evinin digər tərəfinə getdim. Təxminən 10-15 dəqiqə sonra Fərmanənin oğlu Sadiq mənim həyətimə gəldi. Üzərimə cumdu, məni yumruqla vurmaq istədi. Ancaq Sadiqin qolundan tutaraq saxladım. Bu zaman Sadiqin arxasınca gələn anası həyətdən lobya ağacı götürdü və həmin ağacla sifətimin sol almacıq nahiyyəsindən bir dəfə vurdu, mənə xəsarət yetirdi. Xanım da dəmir parçası ilə sol qoluma vuraraq xəsarət yetirdi. Mən qaçaraq mal tövləsinə girdim. Həmin şəxslər onun arxamca tövləyə gldi. Ancaq məni tövlədə vurmadılar. Fərmanənin halı pisləşdiyi üçün tövlədən çıxdılar”.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Fərmanəni vurmayıb, hadisə zamanı ancaq özünü qoruduğunu, mübahisədən sonra Fərmanənin sifətindən qan axmasını və xəsarət almasını görüb. Deyib ki, həmin xəsarətin onun tərəfindən yetirilməyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fərmanənin sözlərinə görə, mayın 23-də Mustafanın azyaşlı uşaqları onu və ailə üzvlərini narahat ediblər: “Mayın 24-də, saat 11 radələrində Mustafanın evdə olduğunu gördüm. Ona yaxınlaşdım və uşaqların səs-küy saldığına görə iradımı bildirdim. Mustafa və arvadı iraddan nəticə çıxarmayaraq uşaqlarının yaxşı etdiyini, hətda bundan sonra da başıma oyun açacaqlarını söylədilər. Mustafa və arvadı məni nalayiq söyüşlərlə təhqir etdikləri üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı qızım səs küy eşidərək gəldi. Qızım məni evimizə tərəf apardı və oğlum Sadiqə zəng etdik, evə çağırdıq. Ona Mustafanın məni təhqir etdiyini söylədik. Təxminən 20 dəqiqə sonra küçəyə baxanda Sadiqin gəldiyini, birbaşa Mustafanın yanına getdiyini gördüm. Sadiq Mustafaya məni və qızımı təhqir etməsinə görə irad bildirdi. Mustafa isə Sadiqə yumruq zərbəsi endirdi. Bir-biri ilə çəkişərkən qızım ilə birgə onları aralamaq üçün getdik. Mustafanın əlində ağac vardı. Sadiqi ağacla vurduğuna görə mən də yerdən ağac götürdüm, Mustafanın sifətindən vurdum. Mustafa da qarşılıqlı olaraq əlindəki ağacla mənim sağ qaşımın üstündən vurdu. Mən yerə yıxıldım, qaşımdan qan axmağa başladı. Mustafanın məni vurmasına görə səhhətim pisləşdi. Övladlarım məni evə tərəf apardılar”.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Mustafanın alıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 8 ay müddətə islah işləri cəzasına məhkum olunub.
“8 Noyabr-Zəfər günü münasibətilə aministiya elan olunması haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci hissəsinə əsasən, Mustafa təyin edilmiş cəzadan azad edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, bundan əvvəl cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış 1959-cu il təvəllüdlü Fərmanə mühakimə olunub. Onun cinayət işi üzrə zərərçəkmiş isə Mustafa olub.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Fərmanə 1000 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


