Gündəm

Pediatr-allerqoloq: “Valideynlər belə hallarda uşaqlarını məktəbə və bağçaya yollamasınlar”

Pediatr-allerqoloq: “Valideynlər belə hallarda uşaqlarını məktəbə və bağçaya yollamasınlar”

Bildiyimiz kimi, son günlər uşaqlar arasında xəstəliklərin sayı artmaqdadır. Məhz bu səbəbdən də valideynlər övladlarını təhsil müəssisələrinə göndərməkdə çox narahatdırlar. Xüsusən azyaşlıları məktəbdə və bağçalarda virusdan necə qorunmağın yolları barədə ziddiyyətli fikirlər var.

Pediatr-allerqoloq Xəyalə Quliyeva Demokrat.az-a açıqlamasında bildirib ki, bu il uşaqlar arasında virus infeksiyasının sayı digər illərlə müqayisədə daha da çoxdur. Həkim diqqətə çatdırıb ki, son günlər uşaqlar arasında göy öskürək xəstəliyi çox geniş yayılıb:

“Çünki valideynlər peyvənddən imtina edirlər. Bu səbəbdən də göy öskürək uşaqlar arasında artmaqdadır. Həmçinin, qripin ağır forması yayılıb ki, bu da özünü 39-40 dərəcəyə qədər olan yüksək temperaturla, xüsusən də koronaya oxşar xüsusiyyətlərlə özünü göstərir”.

Həkim qeyd edib ki, valideynlər mümkün qədər belə hallarda uşaqlarını məktəbə və bağçaya yollamasınlar:

“Çünki belə hallarda xəstəlik uşaqlar arasında daha çox artmağa başlayır. Ona görə də, mümkün qədər belə vəziyyətdə valideynlər uşaqlarını evdə saxlasınlar. Biz anlayırırq valideyn işləyir, heç kəs yoxdur baxmağa. Ancaq bir pediatr kimi bu halların qəti əleyhinəyəm. Yaxşı olardı ki, valideynlər dəniz suyu spreylərindən istifadə etsinlər. Çünki bu bir çox xəstəliklərdən qoruyur. Bundan başqa, “Vitamin D”-nin qəbulu da mütləqdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az