Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 30 il ötür. Xatırladaq ki, əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Həmin dövrdə hadisələrin içərisində olan, döyüşlərdə iştirak edən və o vaxt rəhbərlikdə təmsil olunmuş Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a həmin hadisələr barədə danışıb.
Deputat bildirib ki, bu dövr Azərbaycan xalqı üçün tarixin “qara ləkəsi” kimi səciyyələnə bilər: “O zamankı vəziyyəti bilən şəxs kimi deyə bilərəm ki, o dövr Azərbaycanda rəhbərliyin, dövlətçiliyin zəif olması və Azərbaycanda zəif rəhbərliyi devirib, hakimiyyətə gələn qüvvələrin siyasət aləmində oynadığı oyunlar səbəbindən bu dövr Azərbaycan xalqı üçün tarixin “qara ləkəsi” kimi səciyyələnə bilər. Çünki o zamanlar hərbi əməliyyatlar sahəsində ard-arda uğursuzluqlar baş alıb gedirdi. Qeyd edim ki, “Daşaltı əməliyyatı”ndan öncə keçmiş “Dağlıq Qarabağ” ərazisində olan kəndlərimiz bir-birinin ardınca ermənilər tərəfindən işğal olunurdu, əhali didərgin salınırdı. Təbii ki, bütün bunlar Azərbaycanda ordu quruculuğunun yox səviyyədə olması və siyasi rəhbərliyinin həddindən artıq zəifliyinin nəticəsi idi. O dövrdə Azərbaycan Müdafiə Nazirliyində nazir də, nazir müavinləri də, mövcud olan yerli ərazi özünümüdafiə batalyonları da, Müdafiə Nazirliyinin müxtəlif birləşmələri də vardı. Ancaq vahid komandanlıq yox idi, hərbi rəhbərlik də son dərəcə zəif bir vəziyyətdə idi. Hərbi təminat, hərbi sursat sahəsində təminat yox dərəcəsində idi. “Daşaltı əməliyyatı”nın bizim ağır məğlubiyyətimizlə başa çatmasının səbəbləri də məhz bu dediklərimdədir”.
E.Məmmədov qeyd edir ki, sonralar bir çox araşdırmalar zamanı məlum oldu ki, düşmənə məlumat çatdırılmaqla xəyanət baş verib: “Digər versiyalardan biri də o oldu ki, əməliyyat hərbi nöqteyi-nəzərdən hazırlanmayıb, yəni bununla bağlı bir çox versiyalar var. Bu 30 il ərzində araşdırmalar getdi, bəzi versiyalarda müəyyən qədər haqq da var idi. Amma əsas məsələ o idi ki, o dövrdə dediyim iki məsələ əsas mövqe idi. Ölkədə siyasi rəhbərliyin həddindən artıq zəif olması, həmçinin Müdafiə Nazirliyinin və hərbi qüdrətimiz zəifliyi nəticəsində ermənilərin üstünlüyü göz qabağında idi. “Daşaltı əməliyyatı”nda şəhid olmuş Azərbaycanın çox mərd, igid, cəsarətli övladları bax, o dövr Azərbaycan siyasətində mövcud olan anarxiyanın, başı pozğunluğunun nəticəsində şəhid oldu. Bu gün o əməliyyatda iştirak edən döyüşçülərimizin biz ancaq igidliyindən, cəsarətindən, qorxmazlığından danışa bilərik. Onların məğlub olması, şəhid olması onların günahı deyildi, həm siyasi, həm də hərbi rəhbərliyin günahı idi. Ancaq, 30 ildən sonra, yəni 2020-ci ilin noyabrın əvvəlində Azərbaycan ordusu Daşaltıda keçirdiyi çox uğurlu, unikal, hərb tarixinə yazılası bir əməliyyatla Daşaltını düşməndən təmizlədi. Bununla da, Daşaltıda 30 il bundan öncə bizim insanlarımızı, əsgərlərimizi şəhid edənlərdən qisas alındı. Bu bir daha sübut etdi ki, ölkənin siyasi rəhbərliyinin, Ali Baş Komandanın yerində olması, ordunun qüdrətinin yüksək səviyyədə olması nələrə qadirdir. Hesab edirəm ki, Daşaltıda Azərbaycan əsgərlərinin qazandığı qələbə ilə 30 il bundan öncə orada şəhid olmuş insanlarımızın yüksək səviyyədə qisası alındı”.
Aynurə Pənahqızı Demokrat.az


