“Birmənalı şəkildə post-pandemiya dövrü bir çox sahələrin canlanmasına şərait yaradacaq, o cümlədən də turizm sektorunun. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə ən böyük ziyan bir çox xidmətlərlə bərabər, eyni zamanda turizm sektoruna dəymişdir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.
Ekspert qeyd edib ki, Azərbaycanda turizm üçün münbit şərait mövcuddur:
“İlk növbədə, turizmi şaxələndirən və dayanıqlı edən əsas səbəblərdən biri sabitlikdir. Şübhəsiz ki, eyni zamanda həmin dövlətin müasir, infrastruktur imkanlarına malik olmasıdır. Bu baxımdan Azərbaycan regionda hazırda həm iqtisadi, həm müasirlik, həm də siyasi sabitlik nöqteyi nəzərdən ən cazibədar ölkələrdən biridir. Eyni zamanda nəzərə almaq lazımdır ki, regionlarımızın infrastrukturunun son dövrlərdə genişlənib, habelə yenidən qurma işlərinin nəticəsində artıq müasir dövrün tələblərinə uyğun infrastrukturumuz və kommunikasiyalarımız da mövcuddur. Yəni, bu göstəricilər hamısı əladır. Amma bir şeyi nəzərə almaq lazımdır ki, turizm sektoru bir çox sektorlar kimi inkişafı tək, birbaşa turizm sektoruna aid kommunikasiyaların, otellərin və yaxud buna uyğun varlıqların mövcudluğu ilə başa gəlmir. Bu kompleks şəkildə həll olunmalıdır. Ümumiyyətlə, Azərbaycanda son 10 il ərzində turizmin inkişafını ləngidən misallardan biri məhz AZAL-ın varlığıdır. Azərbaycana gəlməkdən ötrü turistlərin kifayət qədər seçimi yoxdur. Nəzərə almaq lazmdır ki, Qafqaz ölkələrindən, o cümlədən Ermənistana bu gün gəlmək daha rahatdır, nəinki Azərbaycana. Bu baxımdan AZAL şirkətinin qiymətləri bu sektoru çox əlverişsiz vəziyyətə qoyub”.
F.İbrahimov qeyd edib ki, son 10 və 20 il dediyimiz dövrdə viza sistemi ilə də bağlı müəyyən problemlərimiz olub:

“Azərbaycana viza almaq çox çətin əngələ çevrilmişdir, müxtəlif çətinliklər var idi. Ancaq son zamanlar Xarici İşlər Nazirliyinin irəli sürdüyü bu siyasət nəticəsində böyük elastiklik əmələ gəlib və tək Azərbaycanda turizm sektorunda deyil, eyni zamanda da iş adamların gəlməsinə şərait yaradıblar. Son günün göstəricilərinə əsasən, hətta bu bayram günlərində AZAL köhnə, əvvəlki siyasətinə sadiq qalaraq, qiymətləri qeyri-rəqabət yönümlü etdi və beləliklə də, kütləvi şəkildə turistlərin Azərbaycana gəlməsinə əngəl oldu. Bu məsələlər kompleks şəkildə həll olunmalıdır. Bilirsiniz ki, Azərbaycan iqlim şəraitinə, qonaqpərvərliyinə, milli mentalitetinə və tarixinə görə ən əlverişli bölgələrdən biridir. Bütün bu göstəricilərə görə turizmi ən irəlidə gedən sektorlarından birinə çevirə bilərik”.
Aynurə Pənahqızı Demokrat.az


