İqtisadçı-ekspert: “Azərbaycanda bu qiymət artımı gözlənilən idi”

GÜNDƏM 05 yan 2022, 14:25
Xəbər verdiyimiz kimi, Azərbaycanda unun və çörəyin qiyməti artırıldı. İri un və çörək istehsalçıları əhaliyə müraciət edərək, "zavod" çörəyi kimi təsnif olunan dairəvi çörəyin qiymətinin 10-15 qəpik artacağını bildirdi. Bu sahənin köklü problemləri ötən dövr ərzində dövlət siyasətinin əsas hədəfində olub və ərzaq təhlükəsizliyi proqramları, taxılçılığın stimullaşdırılması üçün sahələrin yaradılması, böyük subsidiyalar ayrılıb. Lakin görünən odur ki, bunlar öz müsbət nəticəsini verməyib. Bəs, onda əsas problemlər nədir?

Suallımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, problemin kökü ondadır ki, Azərbaycanda bütün təbii imkanların olmasına baxmayaraq, ölkəmiz özü-özünü ərzaq buğdası ilə tam təmin edə bilmir. Ekspertin fikrincə, seleksiyadan, toxumçuluqdan tutmuş, suvarma və məhsuldarlığın aşağı olmasına qədər problemlər mövcuddur: 

"Təəssüf ki, bu problemlər illərdir ki, həll edilmir və nəticədə, xaricdən asılılığımız artır. Azərbaycanda Prezident İlham Əliyevin fərmanı ilə minimum əmək haqqı yanvar ayından etibarən 20 faiz - 250 manatdan 300 manata artırılıb.

Amma problem ondan ibarətdir ki, hökumət inflasiyanı iqtisadi alətlərlə nəzarəti altına ala bilməsə, maaş və təqaüd artımı inflyasiyanın qurbanına çevriləcək. Azərbaycanda keçən il real gəlirlər azalıb və ərzaq qiymətləri inflyasiya nəticəsində artıb. Əgər eyni inflyasiya sürəti Azərbaycanda davam edəcəksə, onda bu ilki maaş və təqaüd artımı gələn ilin inflyasiyasının qurbanına çevriləcək”.

Ekspert qeyd edib ki, nəticə etibarı ilə Azərbaycanın özü-özünü çörək bişirilən buğda ilə təmin edə bilmədiyini nəzərə alaraq ölkəmizdə bu qiymət artımı gözlənilən idi: 

“Çünki əvvəl Nazirlər Kabinetinin un istehsalçılarına datasiyaları var idi. Bu da yanvarın 1-dən sona çatdı. Təbii ki, bu faktor da unun qiymətin artmasında mühüm rol oynayır. Ola bilər ki, yeni qərarlar olsun. Yəni, un istehsalçılarına dövlət tərəfindən datasiyaların verilməsi ilə bağlı məsələ gündəmə gələ bilər. Artıq yanvarın bir neçə gününü arxada qoymuşuq. Əgər Nazirlər Kabinetində belə fikir olsaydı, yəqin ki, açıqlama verərdilər, ancaq hələ ki, heç bir açıqlama yoxdur”.

N.Cəfərli hesab edir ki, imkan daxilində çörək istehlakını azaltmalıyıq: 

“Amma çörək istehlakının azalması insanların rifah halının yüksəlməsi ilə düz mütanasibdir. İstər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini görəcəyik. Çünki çörək istehlakına görə Azərbaycan adambaşına dünyada bu göstəricinin ən çox olan ölkələrdən biridir. Son statistikaya görə, Azərbaycan vətəndaşı ildə təxminən 130 kiloqram çörək istehlak edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Hesab edirəm ki, Azərbaycan iri buğda istehsalçına çevrilərsə, buğdanın qiymətinin xarici faktorlardan asılılığı azalar ".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top