Şəhid general üzərindən düşməni sevindirən MÜZAKİRƏLƏR

GÜNDƏM 02 yan 2022, 10:24
Polad Həşimovun anasının son çıxışı təəssüf doğurdu, təkcə ona görə yox ki, şəhid generalın anası belə danışır, həm də bir ananın dərdindən sui-istifadə etmək cəhdləri göz önündədir.

Əslində, şəhid generalın anasının sözləri ümumiyyətlə müzakirə mövzusu olmamalıdır. Çünki dağ boyda dərdi var. Görünür, Polad Həşimov kimi qəhrəman oğulun itkisi ilə barışa bilmir və “niyə belə oldu” suallarına cavab tapa bilmədiyi üçün belə fikirlər səsləndirir. Şəhid anasıdır, başımızın üzərinə yeri var və həmişə də belə olacaq. Amma və lakin aydın görünür ki, şəhid generalımızın anasının dərdindən, həssaslığından sui-istifadə edərək, danışdıranlar var və məqsəd məhz Ordumuz haqqında mənfi rəyin yaradılmasına hesablanıb.

Ananın çıxışını dinlədikdə də hiss olunur ki, kimlərsə yönləndirmək cəhdinə əl atırlar.

Birincisi, Polad Həşimovun ərizə yazaraq, Müdafiə Nazirliyinə vəzifəyə gəlmək istədiyi deyilir. Halbuki, Polad Həşimov elə bir hərbçi idi ki, heç vaxt vəzifəyə görə istefa ərizəsi yazmadı. Onu tanıyanlar da bunu təsdiqləyirlər. Digər tərəfdən, orduda iş prinsipi elədir ki, hansısa zabit ərizə ilə hansısa vəzifəyə təyin olunmur, təyinat birbaşa komandanlıq tərəfindən edilir və bütün hərbçilər onlara tapşırılan vəzifəni əmr kimi qəbul edərək, yerinə yetirirlər.

İkincisi, Baş Qərargah rəisi Kərim Vəliyev ittiham edilir. Halbuki, Kərim Vəliyevlə Polad Həşimovun vəzifələri arasında böyük fərq var idi və burada birinin digərinin yerində “gözü olması” mümkün deyil. Bununla yanaşı, hərbi cameədə Kərim Vəliyevlə Polad Həşimovun uzun illər mövcud olan dostluğundan tez-tez bəhs edilir. Hətta Polad Həşimovun karyerasında Kərim Vəliyevin əhəmiyyətli rol oynadığı, onu daim dəstəklədiyi deyilir. Hər iki generalın var-dövlətdən uzaq sadə həyat tərzi, peşəkarlığı da onların dostluğunu gücləndirən amillərdən olub. Polad Həşimovun şəhid olma xəbərini verərkən Kərim Vəliyevin səsinin titrəməsi də çox şeydən xəbər verirdi.

Üçüncüsü, Polad Həşimov Azərbaycanın şəhid generalıdır. O, düşmənlə döyüşdə şəhid olub və qatilləri Ermənistandadır. İndi belə fikirlərin ortaya atılmasından ən çox sevinən düşmən ola bilər. Axı şəhid generalın ruhunu incidəcək belə müzakirələr kimə və nəyə lazımdır?!

Görünür, şəhid generalın anasının həssaslığından istifadə edənlər, onu danışdırmaqla ictimai rəy yaratmaq istəyənlərin qaranlıq maraqları var və bu maraqlar birbaşa müzəffər ordumuzun əleyhinədir.

Kərim Vəliyevi isə hər kəs tanıyır. Uzun illər orduda qüsursuz xidməti ilə seçilən Kərim Vəliyev necə bir zabit olduğunu Vətən müharibəsində də sübut etdi. Müharibədə döyüşlərin ən qızğın yerində olan yüksək rütbəli zabitlərdən biri idi Kərim Vəliyev. Vətənpərvərliyi, vəzifə borcunu şərəflə yerinə yetirməklə tanınan Kərim Vəliyevin müharibədən sonra məhz Baş Qərargah rəisi təyin edilməsi də təsadüfi deyil. Çünki məhz orduda xidmətlərinə görə belə bir təyinat edildi. Bu təyinat bütün xalq tərəfindən alqışla və rəğbətlə qarşılandı, amma narazı qüvvələr də var idi. İndi məhz Baş Qərargah rəisi vəzifəsini daşıyan Kərim Vəliyevə qarşı Polad Həşimovun anasının danışdırılması, şəhid anasının həssaslığından yararlanmaq cəhdləri bunun bir kampaniya olduğu ehtimalını gücləndirir. Bundan ən çox sevinən düşməndir. Gəlin, düşmənlərimizi sevindirməyək. Şəhid anaları həmişə başımızın tacı olacaq, Polad Həşimovun xatirəsi daim əziz tutulacaq. Bununla yanaşı, müzəffər ordumuzun şərəfli zabitlərinə də xələl gətirməyə imkan verməməliyik. Bu kimi müzakirələrdən heç nə qazanmayacağıq, yalnız itirəcəyik.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top