Kəmaləddin Heydərov ticarət mərkəzlərində baş verən yanğınlardan danışdı

GÜNDƏM 23 dek 2021, 10:07
“Ötən illər ərzində nazirliyin fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cavabdeh olan qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə, hadisələrə çevik və effektli reaksiya vermək imkanlarının artırılmasına xüsusi diqqət yetirilib. Bu məqsədlə yanğın-xilasetmə qurumlarının texnika parkı dünyanın aparıcı ölkələrinin istehsalı olan ən müasir texnika və avadanlıqlarla təchiz edilib, kadrların peşəkar hazırlıq səviyyəsinin daim yüksəldilməsi üçün onların təlim-tədrisinə, eləcə də mütəmadi olaraq təlimlərin təşkilinə geniş yer verilib”.

Demokrat.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirilib.

“Məhz bunun nəticəsidir ki, nazirliyin geridə qoyduğumuz illər ərzində baş vermiş müxtəlif mürəkkəblik dərəcəsinə malik fövqəladə hallarla mübarizədən uğurla çıxdığını əminliklə deyə bilərik. Azərbaycan vətəndaşlarının təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib. Ötən illər ərzində yaşayış, sənaye və ictimai-iaşə sektorunda, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı və sürüşmə hadisələri, müxtəlif vaxtlarda baş vermiş zəlzələlər, çoxsaylı qəza və digər fövqəladə hadisələr zamanı operativ və effektli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər. Bunlardan xüsusilə Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Azərbaycan İstilik Elektrik Stansiyasının açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən “Bulla-dəniz” yatağında baş vermiş qəzanın aradan qaldırılması, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında, “Sədərək”, “Diqlas”, “EuroHome” ticarət mərkəzlərində, “Sobsan” boya fabrikində baş vermiş yanğınların söndürülməsi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın və “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, meşə sahələrinin və zəmilərin yanğından qorunması, çoxsaylı digər belə əməliyyatlar zamanı Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri uğurlu nəticələr ortaya qoyublar” – nazir qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top