“Uşaq bağçaları icra hakimiyyətlərinin əlinə keçən kimi direktorlar pul tələb etdilər”

GÜNDƏM 22 dek 2021, 13:22
“Dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi olduqca vacib idi. Hesab edirəm ki, bu qərar əvvəlki səhvi düzəltmək üçün verildi”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Nabatalı Qulamoğlu deyib. Ekspert qeyd edib ki, uşaq bağçalarının icra hakimiyyətlərinə verilməsi anti-pedaqoji addım idi:



“Vaxtilə bilirsiniz ki, Təhsil Nazirliyində keçmiş nazir Misir Mərdanova qarşı səlib yürüşü təşkil olunmuşdu və arxasında da Ramiz Mehdiyev dayanırdı. Misir Mərdanov açıq şəkildə, publik olaraq bəyanat verdi ki, məktəblərdə rüşvəti təşkil edənlər icra başçılarıdır. Ona görə də, onun üstünə düşdülər. Digər tərəfdən də ekspertlər Misir müəllimdən incimişdilər, küsmüşdülər ki, guya onları haqsız olaraq işdən çıxarıblar. Onlar təkid edirdilər ki, uşaq bağçaları Təhsil Naziriliyindən alınıb, icra hakimiyyətlərinə verilsin. Təbii ki, bu anti-pedaqoji hərəkət idi. Çünki icra hakimiyyətləri təhsillə məşğul olan orqanlar deyil. Açığı deyim, mən dəfələrlə yazı yazdım, çıxış elədim ki, belə olmaz. Bir ələ keçəcək və rüşvət üçün şərait yaranacaq. Elə dediyim kimi də oldu. İcra hakimiyyətləri həm bağçaları ərzaqla təmin etdi, həm də bağçalar onun nəzdində oldu. Təbii ki, rüşvət üçün də münbit şərait yarandı. Belə ki,i uşaq bağçaları icra hakimiyyətlərinin əlinə keçən kimi “uşaqların qiyməti”, yəni uşaqların bağçaya qoyulması üçün qiymətlər qalxdı və direktorlar pul tələb etdilər. Həm də uşaq bağçalarında ərzaqlar açıq-aşkar “yeyildi”. Güman edirəm ki, bağçalar Təhsil Nazirliyinə tabe olandan sonra müəyyən dəyişiliklər olacaq. Demirəm ki, tam korrupsiya aradan qalxacaq, çünki korrupsiyanın aradan qaldırılması üçün illər lazımdır. Onların əli öyrəşib, o qədər qaşınır ki,  rüşvət almağa və ona görə də, həmin vərdişlərini tərgitməyə zaman lazımdır. Amma, hər halda bunu müsbət addım kimi dəyərləndirirəm. Hesab edirəm ki, artıq buraxılmış səhv düzəldi. Təbii ki, bu səhvi nazirlik etməmişdi, Prezident Aparatı etmişdi ki, o, da öz səhvini düzəltdi”. 

Təhsil eksperti hesab edir ki, bu qərarla yeniliklərin olması gözlənilir: “Ən yaxşı yeniliklərdən biri uşaq bağçalarına qəbulun elektron qaydada aparılması olacaq. Güman edirəm ki, bunu tətbiq edəcəklər. Əgər normal şəkildə vakant həyata keçirilərsə, rüşvətin qarşısı alına bilər. Rüşvəti o yerdə alırlar ki, o yerdə qəbul üçün müraciət edənlərin sayı çoxdur, ancaq yer azdır. Təbii ki, elə olanda rüşvət də olacaq. Bu cür halların yaşanmaması üçün uşaq bağçalarının dairəsini genişləndirmək lazımdır. Bilirsiniz ki, bu gün uşaq bağçalarının çoxu özəlləşib. Elə qiymətə özəlləşiblər ki, o qiymətə gedib bazarda iki keçi almaq olar. Özəlləşdirən də kimlərdir? Təbii ki, icra başçıları və deputatlardır. O vaxtı Misir Mərdanov çıxan kimi dərhal onu özəlləşdirdilər. Sadəcə onu qeyd edə bilərəm ki, Misir Mərdanovun vaxtında bu günlə müqayisədə bağçalarda vəziyyət nəinki yaxşı idi, hətta, deyərdim ki, çox yaxşı idi. İnanıram ki, bu yeniliklər müsbətə doğru olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top