Futbol meydançasında məktəblilərin davası ölümlə nəticələndi — Cinayət işi

KRİMİNAL 22 dek 2021, 12:30
Bakının Xəzər rayonunda 2001-ci il təvəllüdlü Ülvi Şəfiyev sinif yoldaşı İlkin Lətifov ilə mübahisə edib, mübahisə cinayətlə nəticələnib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ülvi Şəfiyev 21 fevral 2019-cu ildə, saat 12.15-də Mərdəkan qəsəbəsində yerləşən H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin 11 “B” sinfinin bədən tərbiyəsi dərsi zamanı məktəbin ərazisində yerləşən stadionda, yəni futbol oynamaq üçün nəzərdə tutulmuş meydançada həmin sinfin şagirdi sinif yoldaşı İlkin ilə digər sinif yoldaşı arasında baş vermiş mübahisəni sakitləşdirmək istəyib. 

Bu məqsədi ilə İlkin Lətifovun arxa hissəsindən əli ilə tutaraq qəsdən idman fəndi işlətməklə itələyib, üzü üstündə yerə yıxaraq sonuncuya ağ ciyərlərin kontuziyası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Ülvinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli tam orta məktəbin 11 B sinfində təhsil alır: “İlkin sinif yoldaşım olubvə onunla münasibətim yaxşı olub. 21 fevral 2019-cu ildə 5-ci dərs idman dərsi olub. İdman dərsi başlayan zaman əvvəlcə İngilis dili müəlliməsi Şəlalə müəllimənin yanına getdim, sınaq imtahanının nəticələrini yoxlatdım və idman zalına getdim. Orada sinif yoldaşlarımın olmadığını gördüm, məktəbin həyətində yerləşən stadiona getdim və sinif yoldaşlarımın futbol oynadıqlarını görsüm. Futbol oynamaq istəmədiyim üçün stadionun kənarında durdum”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 10-15 dəqiqə futbol oynadıqdan sonra sinif yoldaşları futbolu dayandırıb və bir-biriləri ilə zarafatlaşmağa başlayıblar: “Həmin vaxt sinif yoldaşlarım - Nəsib, Ülvi, Əbülfəz və xatırlamadığım digər sinif yoldaşlarım Kənan Əsgərlinin üzərinə getdi, əllərindəki “flamastr” boya ilə üzünü yazdılar. Kənan gedərək məktəbin həyətində olan bulaqda üzünü yuduqdan sonra stadiona geri qayıtmamışdan əvvəl belə zarafatlardan xoşu gəlmədiyini və ona qarşı bir də belə zarafat etməməklərini dedi. Həmin vaxt Kənan İlkinlə zarafatlaşaraq onunla güləşməyə başladı, nə Kənan İlkini, nə də İlkin Kənanı tam yerə yıxa bilmədilər. İlkin təxminən 1 dəqiqə ərzində Kənanla yenidən güləşdi, aralaşdıqdan sonra İlkin Kənanı kənara çəkərək sağ əli ilə Kənanın sol üzündən bir şillə vurdu. Sonra onlar təkrar zarafatlaşaraq bir-birilərini itələdilər. İlkin yenidən Kənana yumruq zərbəsi atdı. Kənan İlkini özündən kənarlaşdırmaq üçün ona təpik zərbəsi atsa da, təpik zərbəsi İlkinə dəymədi”.

Ülvinin bildirdiyinə görə, İlkin təkrar Kənanın üzərinə gəldiyi üçün Kənan onun qarın nahiyəsinə bir neçə təpik zərbəsi vurun, yerə yıxılaraq bir-biriləri ilə güləşiblər: “Ayağa qalxdıqdan sonra təkrar İlkin Kənanın üzərinə getdi, ona təpik və yumruq zərbələri atdığı üçün Kənan da İlkinə təpik atdı. Daha sonra onların zarafatlarının ciddi mübahisəyə çevriləcəyini bildim, sinif yoldaşlarımın köməkliyi ilə onları araladıq. Lakin, İlkin Kənanın üzərinə getməyə davam etdiyindən İlkini sakitləşdirmək məqsədi ilə sonuncunu arxa hissəsindən əlim ilə tutdum, sağa tərəf itələdim, üzü üstə yerə yıxdım. Həmin zaman İlkin əlləri üstə yerə yıxıldı. Mən də onu qucaqladığım üçün öz tarazlığımı saxlaya bilmədim, İlkinin üstünə yıxıldım. İlkinin özünü pis hiss etdiyini gördüm. Sinif yoldaşım Əbülfəz su gətirərək İlkinin əlinə su tökdü, İlkin su ilə üzünü yusa da, içdiyi suyu geri qaytardım. İlkinin özünü pis hiss etdiyini gördüm, uşaqlarla birlikdə onu məktəbin yeməkxanasının yanında tibb bacısının otağı tərəfə apardıq. İlkin həmin yerə qolundan tutaraq özü yeriyə-yeriyə getdi. İlkin özünü daha da pis hiss etdiyi üçün təcili tibbi yardım çağırıldı və o, xəstəxanaya aparıldı. 15 mart 2019-cu il tarixdə İlkinin xəstəxanada ölməsi xəbərini aldıq”.

Bu cinayət işinə bu günlərdə Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılıb. 

Hökmə görə, Ülvi böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib. 

Ülvinin barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top