Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var? — AÇIQLAMA

SOSİAL 16 dek 2021, 18:54
Bir müddət öncə təhsil naziri Emin Əmrullayev mətbuata verdiyi müsahibəsində 12 illik təhsilə keçid və onun reallaşması yolları, uşaqların məktəb təhsilinə 5 yaşından başlaması haqqında fikirlər səsləndirdi. Nazirin bu fikrinin əleyhinə olanlar da var, onun təklifi ilə razılaşanlar da... Qeyd edək ki, Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Avropa ölkələrində bu model artıq tətbiq edilir.

Mövzu ilə bağlı Demokrat.az saytı ekspertlərin rəyini öyrənib.

Məktəb psixoloqu Famil Səfərov bildirib ki, bu gün dünya böyüməkdə olan nəsli izafi informasiyalardan mümkün qədər hifs etməyin, qorumağın üzərində düşünür. Ekspert qeyd edib ki, indi orta məktəb dərsliklərinin informativ yükünü maksimum azaltmaq zərurəti və tədris proqramlarını bacarıqlar aşılayan təlimlər, oyun terapiyalar və rəngarəng interaktiv treninqlər vasitəsilə şagirdlərə mənimsətmək zamanı gəlib:



“Qeyd edim ki, xüsusi hallar istisna olmaqla, insan övladı yalnız həm fizioloji, həm psixoloji, həm də əqli cəhətdən məktəb təhsilinə, parta arxasında oturmağa yalnız 7 yaşında hazır olur. Bunu eramızdan əvvəldən indiyədək bütün dahi insanlar; alimlər, təbiblər, peyğəmbərlər də belə buyurub. 5 yaşdan təhsilə başlamaq uşaqları mənəvi və fiziki cəhətdən şikəst edə bilər. Belə məsələlər hazırda ölkədə hələ sağ qalan alim pedoqoqların, psixoloqların, illərlə təhsilin içində olan çəfakeş müəllimlərin fikirlərini almaqla, təhsil ictimaiyyətini dinlədikdən sonra həll etmək lazımdır. Uzun illərdir ölkədə aparılan uğursuz təhsil siyasəti, milli etnopedoqoji mühitə tamamilə uyğun olmayan Kurikulum Proqramı, səriştəsiz idarəçilik, korrupsiya və rüşvətxorluq təhsili tamam çökdürüb, hazırkı tənəzzül həddinə gətirib”.

Şabran rayon müəllimi Abbas Şıxlı da açıqlamasında bu qərarla razılaşmadığını deyib: “Uşağın böyüməsi, inkişafı, zehni, psixoloji və fiziki yetişkənliyinin Allah tərəfindən kodlaşdırılmış zamanı var. Min illər boyu bu zaman insanlar tərəfindən müşahidə edilərək, təxminən 6,5-7 yaş müəyyənləşmişdir. Üstəlik 30 il bundan əvvəllə müqayisədə bu gün uşaqların daha zəif və xəstəliklərə qarşı daha davamsız dünyaya gəldiklərini nəzərə alsaq, bu rəqəm bir az da yuxarı qalxar. Ola bilər ki, hansısa uşaq daha yetkin olar, belə uşaqlar həmişə olub, bundan sonra da olacaq. Ancaq ortalama götürdükdə belə uşaqlar say etibarilə çox az olur, biz işimizi belə irəli inkişaflı uşaqlara görə qursaq, nəticədə, uşaqların ən azı 70 faizini itirmiş olarıq. Ona görə də təhsilin illərinin sayını artırmaq yox, onun məzmununu və pillələrini dəyişmək lazımdır. Ona görə də, hesab edirəm ki, təhsil proqramları və dərsliklər yenilənməli, hər bir fənn üzrə yalnız bütün peşələrdə lazım ola biləcək ən zəruri və hər bir uşağın öyrənə biləcəyi daha sadə bilik və bacarıqlar saxlanmalıdır. Bundan başqa, ümumi təhsil 8 il müəyyən edilməlidir. Universitet şəbəkəsi əvəzinə peşə-ixtisas məktəbləri şəbəkəsi genişləndirilməsi daha məqsədəuyğundur. 8 illik ümumi təhsil attestatı almış şagirdlər istək və bacarıqlarına görə seçilməlidir. Elmi potensialı yuxarı olan şagirdlər imtahanla növbəti pilləyə, universitet və yüksək peşə ixtisasına, hazırlıq səviyyəsinə qəbul edilməlidir. Bu mərhələyə ciddi nəzarət edilməli və elə etmək lazımdır ki, nə şagirdlər, nə də müəllimlər əlavə məşğələyə ehtiyac duymasın. Təbii ki, bu mərhələdə dərs deyən müəllimlər də seçilməli, daha təcrübəli, daha peşəkar və savadlı, eyni zamanda işini vicdan və məsuliyyətlə yerinə yetirən müəllimlər cəlb edilməli və onlara daha yüksək maaş verilməlidir”.

A.Şıxlı qeyd edib ki, oxuyan şagirdlərə, xüsusən yüksək nəticələrlə oxuyanlara şagird təqaüdü verilsə, bu, işin xeyrinə olar:


“Hazırlıq mərhələsini bitirən şagirdlər bir daha seçilməli, universitet və yüksək peşə-ixtisas məktəblərinə yönəldilməlidir. Yüksək ixtisasa hazırlıq mərhələsinin 2 il olması kifayətdir. 8 illik təhsili aşağı və orta nəticə ilə bitirən şagirdlər isə sadə peşələr öyrədən məktəblərlə əhatə edilməlidir. Universitetlər çox ciddi attestasiya olunmalı, yalnız ən keyfiyyətli, dünya universitetləri ilə rəqabət apara bilənlər saxlanmalı, digərləri bağlanmalı, yaxud yüksək peşə-ixtisası verən məktəblərə çevrilməlidir. İndiki kimi hamıya ali təhsil diplomu vermək xəttindən birdəfəlik əl çəkilməlidir. Rəqabətdə kəmiyyətlə yox, keyfiyyətlə qalib çıxmaq olur. İnsanları, gəncləri aldatmaya, onların olan-qalanını da təhsil haqqı adı ilə əlindən almağa, yaxud təhsil krediti verərək ömürlük borclu etməyə son verilməlidir. Onsuz da heç 5000 normal iş yeri olmadığı halda hər il 50000 gəncə diplom verib niyə aldadılmalıdır ki? Axı, onlar bu işə yaramayan diploma həm 4-5 illərini, həm də on minlərlə pullarını itirirlər. 5 il aldadıb soyduqdan sonra işə qəbulda ciddi imtahan etməkdənsə, qəbulu ciddi edin ki, gənclər vaxtında özlərinə bir peşə, iş tapsınlar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top