"Azərbaycan Prezidenti “dəhliz” mövzusuna son nöqtəni qoydu"— ŞƏRH

GÜNDƏM 15 dek 2021, 20:09
"Brüssel görüşü Azərbaycan üçün gözlənildiyindən daha uğurlu oldu. Əslində, Brüssel görüşündən daha çox Ermənistanın özəl gözləntiləri var idi. Paşinyan hakimiyyəti bu görüşdə ermənipərəst qüvvələrin dəstəyinə ümid bəsləyirdi və “Dağlıq Qarabağ münaqişəsi”, “status” mövzularını yenidən müzakirə mövzusuna çevirə biləcəyini düşünürdü. Nəticədə, rəsmi İrəvan ATƏT-in Minsk Qrupunun yenidən qarşıduran tərəflər arasında əsas vasitəçi rolunun bərpasına çalışırdı".

Bunu Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Elçin Xalidbəyli deyib.

Analitik qeyd edib ki, ancaq rəsmi İrəvanın bu gözləntilərinin heç biri özünü doğrultmadı:

"Çünki Brüssel görüşü çərçivəsində “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzuları ümumiyyətlə, gündəmə gətirilmədi. Paşinyan hakimiyyətinin israrla cəhd göstərdiyi ATƏT-in Minsk Qrupunun yenidən qarşıduran tərəflər arasında əsas vasitəçiyə çevrilməsinə də nail olunmadı. Ona görə də hesab etmək olar ki, “Dağlıq Qarabağ münaqişəsi”, “status” və ATƏT-in Minsk Qrupu Brüsseldə həmişəlik “dəfn” edilmiş oldu. Bundan sonra nə vaxtsa, bu məsələlərə yenidən qayıdılmasının mümkünlüyü artıq qətiyyən inandırıcı görünmür. Təbii ki, bütün bunlar Azərbaycanın diplomatiya masasında qazandığı böyük uğurdur. Əslində, Brüssel görüşünün nəticələri onun başlamasından əvvəl müəyyən olunmuşdu. Çünki Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri rəsmən bütün dünyaya bəyan etdi. Prezident İlham Əliyev Azərbaycanın qərb bölgəsindən Naxçıvana dəmiryolu və avtomobil yolunun çəkilməsi ilə bağlı Ermənistanla anlaşmanın olduğunu vurğuladı. Ona görə də, rəsmi İrəvan artıq bu öhdəliyin icrasından imtina imkanlarını tamamilə itirmiş oldu".

E.Xalidbəyli əlavə edib ki, Brüssel görüşündən sonra Ermənistan baş naziri Nikol Paşinyan da dəmiryolunun tikintisinə tezliklə başlanılacağını bildirməklə, rəsmi İrəvanın öhdəliyini təsdiqlədi:

"Digər tərəfdən, Azərbaycan Prezidenti “dəhliz” mövzusuna da son nöqtəni qoydu. Belə ki, Prezident İlham Əliyev birmənalı şəkildə Zəngəzur dəhlizində Ermənistan gömrük postu quracağı təqdirdə, Azərbaycanın da Laçın dəhlizində gömrük quracağını bəyan etdi. Azərbaycan prezidentinin bu açıqlaması Ermənistan siyasi dairələrində çaşqınlıq və şok effekti yaratdı. Çünki indi prinsipial seçim məhz Ermənistanın öhdəsinə buraxılmış oldu. Ancaq Ermənistana Zəngəzur dəhlizində gömrük postlarının olmaması da, Laçın dəhlizində Azərbaycanın gömrük postlarının qurulması da qətiyyən sərf etmir. Ancaq Prezident İlham Əliyev Azərbaycanın hər iki varianta hazır olduğunu vurğulamaqla, Paşinyan hakimiyyətini olduqca çətin vəziyyətə saldı. Çünki indi Ermənistan siyasi dairələri və erməni toplumu yaxın dövrləri məhz Azərbaycan Prezidentinin gündəmə gətirdiyi bu iki variantdan hansının Ermənistana daha sərfəli ola biləcəyini müzakirə etməklə keçirməli olacaq. Bu, rəsmi İrəvan üçün olduqca taleyüklü və ağır seçim deməkdir. Hər ikisində Ermənistan ciddi itkilərlə üzləşəcək, üçüncü seçim variantı isə artıq yoxdur. Rəsmi İrəvanın manevr imkanları məhdudlaşıb. Ona görə də Azərbaycanın Brüssel görüşündən böyük üstünlüklə ayrıldığını düşünmək olar".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top