Sahibə Qafarova: “Azərbaycanda media dövlət dəstəyi və qayğısı ilə əhatə olunub”

GÜNDƏM 14 dek 2021, 15:57
“Hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik olan institutlardan biridir. Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verirlər”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşunda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan media son illərdə böyük inkişaf yolu keçib: 

“Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir.

Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Bilirsiniz ki, Vətən müharibəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb. Cənab Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini vermişdir. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top