“Media haqqında” qanun layihəsi medianı keyfiyyətcə yeni mərhələyə çıxaracaq — ŞƏRH

MEDİA 13 dek 2021, 20:26
Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layhəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, cəmiyyətdə və ictimai həyatımızın bütün sahələrində informasiyanın yeri və rolu artıqca bu münasibətərin yeni qanunlarla tənzimlənməsi də aktullaşır.

O bildirib ki, “Media haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin ortaya çıxması da bu zərurətdən yaranıb.
“Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması istiqamətində addımların atılması da tarixi inkişafımızın hazırkı mərhələsində yaranmış bu çağırışlarla ayaqlaşmaq tələbindən irəli gəlib.

İnformasiya əlahiddə bir vasitəyə çevrilib. Bu, fərdin sosial kimliyini formalşadıran əsas təsirlərdən birinə çevrilməklə bərabər, həm də sosial-siyasi münasibətlərimizin keyfiyyətini təyin edir. Belə olan halda media və ictimai məsuliyyət problemi də gündəmə gəlir. Eyni zamanda, media qurumları, yaxud təmsilçilərinin qlobal informasiya nəkanında informasiya təhlükəsizliyi kontekstində fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir”, - deyə deputat bildirib.
O vurğulayıb ki, belə olan halda media azadlığı və məsuliyyəti tandem təşkil etməklə yeni hüquqi bazada tənzimləmə zərurətini yaradır.

"“Media haqqında" Azərbaycan Respublikasının qanun layihəsinə nəzər saldıqda bütün bunların qanun çərçivəsində xüsisi fəaliyyət kimi təşkil olunmasının hüquqi əsaslarını görürük. Məsələ ondadır ki, bu günə qədər müvafiq sahədə qanunvericilik bazası qismində çıxış edən “Kütləvi informasiya vasitələri haqqında” qanuna 79 dəfə dəyişiklik etsək də arzuolunan effektə nail ola bilməmişik. Çünki sistemli və kompleks yanaşma olmadan bu həssas və strateji sahəni nizamlamaq mümkün deyil.

Elə təqdim olunan qanun layihəsinin ən əsas xüsusiyyətlərindən biri də məhz sistemli olması və əsas zəruri istiqamətləri tam əhatə etməsidir. Buraya dövlət-media münasibətlərinin tənzimlənməsindən tutmuş, media subyektlərinin fəaliyyət prinsiplərinə qədər geniş münasibətlər sistemi daxildir. Ən əsası isə odur ki, bu münasibətlər sisteminin formalaşmasında hər hansı dövlət müdaxiləsi nəzərdə tutulmur. İstər çap mediasının, istərsə də elektron medianın tam sərbəst fəaliyyəti üçün qanuni təminat yaranır. Bununla belə, qanun nəzərdə tutduğu müddəalarla media məsuliyyətini artırır. Media reyestrinin yaradılması, jurnalist anlayışının yenidən tanınması, sosial medianın və vətəndaş jurnalistikasının qanunun təsir dairəsindən kənarda tutulması da yeni qanun layihəsinin konkret məzmun kəsb etməsi, konkret sahədə effektiv hüquqi münasibətləri tənzimləməsi baxımından əhəmiyyətlidir. Yəni yeni qanun layihəsi məzmun etibarilə əhatəli, hüquqi məntiq və texnika, konkret və işlək mexanizm yarada bilmə imkanları baxımından səmərəlidir”, - deyə H.Babaoğlu deyib.

"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında bildirib ki, Vətən müharibəsindən sonra fundamental islahatların yeni keyfiyyət mərhələsinin ilk olaraq medianı əhatə etməsi tədadüf deyil.

“Maraqlıdır ki, ölkə Prezidenti İlham Əliyev yeni reallıqlar şəraitində ilk köklü islahatlar qərarını işğaldan azad edilmiş bölgələrimizin yeni idarəçilik sisteminin tətbiqinə və medianın hüquqi baza və praktik əsaslarının daha da möhkəmləndirilməsinə yönəltdi. Muharibədən sonra media ilə bağlı yeni dövlət qurumunun yaradılması və qanunun köklü dəyişdirilməsi milli informasiya məkanında daha dayanıqlı inkişafın təmin edilməsində dövlət başçısının qəti siyasi iradəsini bir daha nümayiş etdirdi.

“Media haqqında” yeni qanun layihəsi Azərbaycanın postmüharibə inkişaf tendensiyalarının real tələblərinə tam uyğundur. Tanınmış ekspertlər, media rəhbərləri, deputat və ictimaiyyət nümayəndələri layihə ətrafında müzakirələrə sıx şəkildə cəlb olundu. Media haqqında qanun layihəsinin misilsiz ictimai müzakirələri medianın inkişafına dövlətin prioritet baxdığını göstərir.

Azərbaycan Prezidenti media islahatlarının yeni mərhələsini başlatmaqla "güclü dövlətin mediası da güclü olmalıdır" prinsipini əsas götürdü”, - deyə A.Quliyev deyib.

O bildirib ki, “Media haqqında” yeni qanun layihəsi müharibədən sonra dövlət-cəmiyyət, dövlət-media və media-cəmiyyət münasibətlərindəki keyfiyyət dəyişmələrinin mahiyyətindən irəli gəldi.

“1999-cu ildən qüvvədə olan və saysız şəkildə dəyişdirilən KİV haqda köhnə qanun yeni reallıqların tələbinə cavab verməməklə yanaşı, mütərəqqi tendensiyaları və media innovasiyalarını tənzimləyə bilmirdi. Azərbaycan Prezidentinin dərin və hərtərəfli media islahatları platforması medianın inkişafında fərqli mərhələ açacaq.Yeni qanunun müddəaları və konsepsiyası ilk olaraq dövlət-media, media-cəmiyyət münasibətlərində hüquqi mənzərəni tam dəqiqləşdirməyə imkan verəcək”, - deyə A.Quliyev bildirib.

O vurğulayıb ki, postmüharibə dövründə milli informasiya məkanımızın saflaşdırılması və daha etibarlı təhlükəsizlik mexanizmləri məhz yeni qanun kimi mükəmməl sənədin əsasında yaradıla bilər.

“Məsuliyyətli media ənənələrinin formalaşdırılması yeni qanunun mühüm hədəflərindən biridir. Məsuliyyətli media və cəmiyyətin media savadlılığı milli informasiya məkanında davamlı inkişafın iki mühüm şərtidir. Yeni qanun məsuliyyətli media və savadlı media cəmiyyətinin formalaşdırılmasında ümidverici perspektivlər açır. Müstəqil dövlətçilik dövründə ilk dəfə olaraq bəzi mühüm media kateqoriyalarının hüquqi dəqiqləşdirilməsi aparılır. Media qurumlarının tipoloji olaraq dəqiq təsnifatlandırılması müstəqillik dövrümüzün mühüm nailiyyətlərindən biri sayılır. Jurnalist kimə deyilir, redaksiya nədir kimi suallardan tutmuş informasiyanın hüquqi mahiyyətinin dəqiq təyinatına qədər bir çox məsələlərin aydınlaşması media praktikası üçün olduqca böyük fayda verəcək. Media reyestri və vahid kartlar jurnalistlərin, medianın hüquqi və sosial müdafiə mexanizmlərini daha da təkmilləşdirməyə imkan verəcək. Çap və onlayn medianın ən sadə “start-up” fəaliyyət qaydaları yeni qanunu dünyada alternativsiz üstün mövqeyə çıxarır”, - deyə A.Quliyev bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top