“Toyda keçirilən vaxt boş-boşunadır” — AÇIQLAMA

SOSİAL 09 dek 2021, 23:34
"Həqiqətən də Azərbaycanda toylar yarış meydançasına bənzəyir. Hətta bu son illər özünü daha qabarıq göstərir. Pandemiyadan sonrakı toylarda bunu daha çox görürük. Bu gün toyun dadı-duzu da qalmayıb".
 
Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış psixoloq Vəfa Rəşidova bildirib:
 
"Məsələ burasındadır ki, getdiyim toylarda müşahidə etdiyim məqamlar məni sarsıdıb. Bu gün toyda hamı sanki rəqs edir, amma heç kim rəqs etmir. Toylarda bir pərakəndəlik yaranıb, məğzi dəyişib. Toylarda olan eqoizm, narsizim insanların mənəvi dəyərini param-parça edib. Bu gün toylarda çox insan ola bilər, amma orda özünü tək hiss edirsən. Sanki hər kəs özünü təsdiq etmək üçün meydanda rəqs edir. Hansısa bir narsizm dövründə yaşayırıq. Hər masada oturan özünü oranın, dünyanın yiyəsi bilir. Sanki toy deyil, insanın özünü təsdiq etməyə çalışdığı yerdir. Hər kəs bir-birinin geyiminə, qızılına baxır.  Bu, hər zaman olub. Əvvəllər də kimsə toylarda gözəl geyinəndə, qızıl taxanda, gözəllik kimi baxırdılar ki, nə gözəl görünür. Bu gün isə sabah o gedib evdə həyat yoldaşından onu tələb edəcək. Filankəsin boynundakı qızıldan məndə yox idi yarışması var. Mənim analizimə görə, toyda keçirilən vaxt boş-boşunadır. Çünki toyda sanki insanlar yarışmada iştirak edir. Başda oturanlar da münsiflər heyətidir. Oturub qiymət qoyurlar. Sənin paltarının uzunluğuna, markasına, qızılların qramına diqqət verirlər. Bax, bunlara görə sanki o toyda keçirilən zaman boşunadır. Ondansa evdə oturub televiziyada musiqi dinləmək mənim üçün daha xoşdur, nəinki həmin ortamda oturub o mənzərəni seyr etmək. Hazırda toylar birləşmək, gözəl vaxt keçirmək üçün deyil. Toylar yalnız bir şeyin üzərində qurulub, o da pul. Lazım olduğundan az pul atsan, xalq düşməninə çevrilirsən. Toya getməsən, yenə də düşmən olursan. Sən mənim toyuma gəlmədin - deyib uzun illər küsülü olan qohumlar var. Toy yiyəsi üçün önəmli deyil sən o məclisdə özünü necə hiss edirsən. Sən o toydan razımı getdin? Toy yiyəsi üçün önəmli olan maddi tərəfdən səndən razı qalmasıdır. O toy ki, mənim münasibətlərimi kəsəcək, o toyu etməsəniz daha məqsədəuyğundur. İnsanların ruhunu bu qədər incitmək olmaz. Gələn qonaq yarışmanın bir üzvü olur. Təəssüf hissi ilə deyirəm ki, kaş ki, toylarımız bu vəziyyətə gəlməzdi".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top