Deputat: “Bu təxribatların əsas məqsədi danışıqları pozmaq cəhdidir”

GÜNDƏM 09 dek 2021, 16:54
“Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribatda bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat tez-tez sərhəd zonasında ermənilərin təxribat törətdiklərini diqqətə çatdırıb: 

“Hər dəfə görüş qabağı və hansısa bir razılıq olunmalı məsələlərdən öncə, ermənilər bu cür təxribatlara əl atırlar. Hesab edirəm ki, bu, ermənilərin növbəti hiyləsidir. Bu təxribatların əsas məqsədi danışıqları pozmaq cəhdidir. Təbii ki, onlar bununla yalnız özlərinə ziyan vururlar. Çünki Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaradıb və bütün bölgə dövlətləri də Azərbaycanın və Türkiyənin təklif etdiyi formatlara razılıq verib. Onun icra olunması üçün həmin məsələlərə sadiq olduqlarını bildirirlər. Kəlbəcərdə törədilən təxribatla ermənilər hər dəfə olduğu kimi, bu dəfə də hiyləli siyasətlərinə sadiq olduqlarını nümayiş etdirdilər. Onlar yaxşı başa düşürlər ki, bölgədəki siyasət geri dönməz hal alıb və artıq buna geri yol yoxdur. Bütün məsələlərdə Azərbaycanın diktəsi və istəyiylə olur. Qeyd edim ki, Azərbaycan hərbidə, müharibədə qalib olduğu kimi, artıq diplomatik sahədə də bir çox uğurlar qazanmaqdadır”.

V.İskəndərov əlavə edib ki, ermənilərin ümumi siyasəti hərbidə olduğu kimi, həm də diplomatik sahədə də fiaskoya uğrayıb: “Bunu həm Soçi görüşündə, həm də Haaqa Məhkəməsindəki qərarlarla bağlı söyləmək olar. Hər bir halda Ermənistan diplomatiyası xarici siyasəti  böyük hesabla uduzub və bu təxribatlar da onların yumşaq fikirlə söyləsək, cığallığından irəli gəlir. Onlar Azərbaycanın uğurlarını götürmür və bu addımı ilə onlar qarşıda keçiriləcək görüşləri pozmağa cəhd edirlər. Amma təkrar edirəm ki, hər bir ziyanı ermənilər özlərinə vururlar. Çünki onların təxribatları ikiqat əvəzi ilə ödənilir, Azərbaycanın şanlı ordusu, qəhrəman əsgər və zabitlərimiz onların təxribatlarına tutarlı cavab verirlər və ermənilər hər zaman olduğu kimi, böyük itkilərlə geri çəkilməyə məcbur olurlar. Yaxud da ki, həmin andaca atəş açdığı yerdə susdurulurlar. Bunların hər biri ermənilərin həm cəbhədə, həm də siyasi arenada acizliyinə işarədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top