Elman Nəsirov: “Ermənistan buna getməsə, 44 günlük müharibədəki taleyi yaşayacaq”

GÜNDƏM 08 dek 2021, 10:21
“Ermənistanın siyasi rəhbərliyi yenə öz köhnə ampulasındadır.  Yəni, onlar yenə də bir-birinə zidd bəyanatlar vermək siyasətini davam etdirir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat vurğulayıb ki, Ermənistanın baş naziri bir yandan əməkdaşlıqda maraqlı olduğu fonunu yaradır, guya iqtisadi, nəqliyyat kommunikasiyaların bərpasında maraqlı olduğunu bildirir, amma digər yandan da təxribatçı addımlar atır: 

“Bilirsiniz ki, noyabrın 26-da Ermənistan tərəfi hərbi aventüraya əl atdı. Bütün bunlar onu göstərir ki, Ermənistan ziddiyyətli durumdadır. Bunun isə əsas səbəbi onunla bağlıdır ki, bu gün Ermənistan dövləti və cəmiyyəti bütünlüklə məğlub ovqatdadır. Ermənistanda hər kəs bir-birini xəyanətdə ittiham edir, həmçinin Paşinyana qarşı milli müqavimət hərəkət yaratmağa cəhdlər var, o cümlədən də ölkədə revanşizm dalğası mövcuddur. Belə olan vəziyyətdə Paşinyan bir yandan dərk edir ki, əməkdaşlığa getməlidir, çünki əks təqdirdə, bu müharibə ilə nəticələnə bilər. Təbii ki, müharibə də Ermənistan üçün sonun başlanğıcı ola bilər. Digər tərəfdən də o, əməkdaşlıq üçün ciddi addımlar ata bilmir, çünki revanşist qüvvələrdən çəkinir. Hətta, həmin qüvvələr fiziki məhvə qədər Paşinyanı hədələyirlər. Bu reallıqlar fonunda Azərbaycan prezidenti Cənab İlham Əliyev dünən Quba şəhərinə səfəri zamanı, eyni zamanda Qonaqkəndində olarkən,  ictimaiyyətlə görüşü zamanı çox önəmli ismarıclar ünvanladı. Biri onunla bağlı idi ki, Zəngəzir dəhlizi açılacaq və Zəngəzur dəhlizi açılmalıdır. O diqqətə çatdırdı ki, biz bunun əməkdaşlıq fonunda reallaşmasını istəyirik. Əgər Ermənistan buna mane olarsa, o zaman biz bunu istənilən yolla təmin edəcəyik. Eyni zamanda Cənab Prezident ilk dəfə idi ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan qarşısında konkret tələb də qoydu. İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Zəngəzur dəhlizinin açılmasının qrafiki Azərbaycan tərəfinə təqdim edilməlidir və müddəti göstərilməlidir”. 

Millət vəkili xatırlatdı ki, 44 günlük Vətən müharibəsi  dövründə də Cənab Prezident Ermənistan tərəfindən  işğaldan azad olunan kəndlərin, şəhərlərin qrafikini verilməsini istəmişdi, lakin Ermənistan qrafiki vermədi və müharibə davam etdi: “Sonda da bu, Ermənistanın kapitulyasiya aktına imza atmasına səbəb oldu və qrafiki verməyə məcbur edildi. İndi də, İlham Əliyev Zəngəzurla bağlı analoji qrafiki verməyi tələb edir. Əgər həmin qrafik təqdim olunarsa, düşünürəm ki, o zaman əməkdaşlıq üçün çox unikal imkanlar yaranar. Yox, əksi baş verərsə, və ermənilər buna getməzsə, onda 44 günlük müharibədə yaşadığı taleyi yenidən yaşamalı olacaqlar. Həm də onlar gözəl bilirlər ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev nəyi deyirsə, onu da edir. Sözü imzası qədər gücə malikdir. Ermənistan bundan təbii ki, nəticə çıxarmalıdır. Hesab edirəm ki, Azərbaycan prezidentinin dünənki sərt mövqeyindən sonra  Ermənistanın siyasi rəhbərliyi bu istiqamətdə analoji addımlar atacaq. Çünki onun analoji addımlar atmaqdan başqa yolu və çarəsi qalmayacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top