Ermənistan beynəlxalq hüquq müstəvisində də uduzdu

GÜNDƏM 07 dek 2021, 22:57
Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiaları ilə bağlı qərarları ölkəmizin hüquqi müstəvidə qazandığı önəmli qələbədir. Verilən qərarların Ermənistanın istəklərinin əksinə olmasının kökündə təkcə haqlı tərəf olmağımız deyil, Azərbaycan tərəfinin beynəlxalq hüquq müstəvisində apardığı gərgin iş dayanır. Məhz zamanında əsaslandırılmış şəkildə sübut-dəlillərin məhkəməyə təqdim olunması, aparılan çevik iş Ermənistanın iddialarının təmin olunmamasına gətirib çıxardı.

Qərar həm də beynəlxalq hüquq adına müsbət göstəricidir. Bunun əksi olan qərar ikili standartlara bürünən dünyanın hüquq sistemi adına böyük ləkə olardı.
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 3 iddiasını rədd edib. Onlar hansılardır?

1. Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiası” təmin edilməyib.

2. Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin olunmayıb.

3. Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası qəbul edilməyib.

Bu üç qərarın Azərbaycanın lehinə olması önəmli hadisə olmaqla yanaşı, dünyaya Ermənistanın əsl simasının tanıdılması yönündə atılan əhəmiyyətli addım kimi da qəbul edilməlidir. Haaqada beynəlxalq hüquq erməni iddialarının saxta olmasını qəbul edirsə, bu, illərdir davam edən erməni cinayətlərinin nəhayət ki, hüquqi müstəvidə əsl qiymətini alacağına olan ümidləri daha da artırır. Və beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiq olan Azərbaycan Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.

Qeyd olunan qərarlardan başqa, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verib. Qərara görə, Ermənistan BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır.

Çıxarılan qərarlar içərisində mina xəritələrinin qaytarılması ilə bağlı məsələnin olmaması isə anlaşılandır. O baxımdan ki, bir neçə gün əvvəl Ermənistan qalan ərazilərlə bağlı xəritələri Azərbaycana təhvil verib. Ən real ehtimal budur ki, İrəvan məhz məhkəmənin qərarından çəkindiyi üçün xəritələri əvvəlcədən qaytarıb. Yəni, Ermənistan heç də “hüminizm” prinsiplərinə söykənərək xəritələri verməyib.

Beləliklə, ədalət, ermənilərin insanlıq əleyhinə saysız cinayətləri, Azərbaycan tərəfinin apardığı gərgin iş diqtə edirdi ki, Beynəlxalq Ədalət Məhkəməsi haqqın yanında dayansın.

Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, müharibə bitib və Azərbaycan müharibənin gedişində əsir düşmüş şəxsləri Ermənistana qaytarıb, itkin düşənlərin, həmçinin həlak olmuş şəxslərin cəsədlərinin tapılıb qaytarılması üçün bütün zəruri köməkliyi göstərib. Azərbaycanın istər müharibə zamanı, istərsə müharibədən sonra hümanizm prinsiplərinə uyğun davranması danılması mümkün olmayan faktdır.

Ermənistan məhz postmüharibə dövründə Azərbaycanın işğaldan azad olunmuş ərzilərində təxribat törədən dəstələrin üzvlərini də hərbi əsir kimi qələmə verməyə cəhdlər edirdi. Hansı ki, Ermənistan bu məsələdən söz açmağa mənəvi haqqı çatmayan, elementar hüququ olmayan tərəfdir. Təkcə o faktı vurğulamaq yetərlidir ki, Ermənistan hələ də Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, ümumilikdə 4 minə yaxın azərbaycanlının sonrakı taleyi haqqında məlumat verməkdən boyun qaçırır. Ermənistan tərəfinin sülh və insanlıq əleyhinə olan cinayətlərini, həmçinin müharibə cinayətlərini işğaldan azad edilmiş Qarabağın vəhşicəsinə dağıdılmış şəhər və kəndləri, düşmənin müharibə dövründə Gəncəyə, Bərdəyə, Tərtərə atdığı qadağan olunmuş silahların izləri aydın şəkildə nümayiş etdirir.

Qoşulduğu Cenevrə Konvensiyaları da daxil olmaqla, işgəncə və qeyri-insani rəftarı qəti şəkildə qadağan edən beynəlxalq hüquq norma və prinsiplərini pozan Ermənistandır; insanlığa, bəşəriyyətə qarşı cinayət əməllərini davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə azərbaycanlı əsir və girovların məqsədli şəkildə öldürülərək kütləvi şəkildə dəfn edilməsi faktları mövcuddur.

Ümumiləşdirsək, hərbi-siyasi müstəvidə uduzan Ermənistan müharibədən sonra beynəlxalq hüquq müstəvisində də məğlubiyyətə uğramaqdadır. Azərbaycanın apardığı sistemli, çevik iş Ermənistanın planlarının dəf olunması, bu ölkənin əsl simasının dünyaya tanıtdırılması ilə sonuclanır.

Elman Babayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top