“Hansısa yeni təxribatların törədilməsi onlara baha başa gələcək” — AÇIQLAMA

GÜNDƏM 07 dek 2021, 19:05
“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra, yəni Ermənistan kapitulyasiya aktını imzaladığı gündən bəri öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyib. Əksinə, biz keçən dövr ərzində Ermənistan tərəfindən davam edən təxribatların şahidi olmuşuq”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili əlavə edib ki, istər Azərbaycan-Ermənistan sərhədləri zonasında bu ilin noyabr ayında baş verən məlum hadisələr, istərsə də Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonada erməni terrorçuları tərəfindən Azərbaycan ordusuna qarşı həyata keçirilən bir çox terror aktlarını buna misal göstərə bilərik:

“Bütün bunlar bir daha dəlalət edir ki, Ermənistan cəmiyyəti, Ermənistan rəhbərliyi hələ də, revanşizm hissləri ilə “alışıb-yanır”. Onlar hələ də reallıqları axıra qədər dərk etməyiblər. Təbii ki, bundan sonra Ermənistan tərəfindən hansısa revanşist addımların atılması, hansısa yeni təxribatların törədilməsi onlara daha baha başa gələcək. Onlar onsuz da 44 günlük müharibə ərzində dağıdılmış, məhv olmuş ordusunun qalıqlarını indiyə qədər yığıb-yığışdıra bilmirlər. Belə bir halda yenidən təxribat xarakterli hərəkətlərini davam etdirmək, yalnız özünü qəsdən məhv etməkdən başqa bir şey deyil. Mən bunu başqa cür də adlandıra bilmirəm”.

Deputat əlavə edib ki, birmənalı şəkildə Ermənistan rəhbərliyi öz ağlını başına yığmalıdır:

“Ermənistan tərəfi xəstə təfəkkür daşıyıcılarının, yenidən revanşizmə çağıran insanların fikirlərinə uymamalı və 10 noyabr tarixində imzalanmış məlum bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Çünki Zəngəzur dəhlizinin açılması ilə, regionda ədalətli və davamlı sülhün bərqərar olmasıyla bütün məsələlər həll olunacaq. Və bütün region da bundan udacaq, hətta Ermənistanın özü də bundan bəhrələnəcək. Bunu başa düşmək o qədərmi çətindir? Regionda sülh əməkdaşlıq etmək lazımdır. Başqalarının ərazilərinə qarşı iddia etməklə, heç nəyə nail olmaq olmaz”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top