Azərbaycan və İran liderləri Zəngəzur dəhlizindən danışdılar

GÜNDƏM 28 noy 2021, 22:39
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.

Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top