Böyük Zəfərdən sonra elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması işi sürətləndirilməlidir

SOSİAL 28 noy 2021, 13:43
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, informasiya ilə təmin olunmasında və ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır. Nəzərə alsaq ki, Azərbaycan 30 ilə qədər məğlub, daha çox bədbin notlar üzərində elmi-kütləvi, mədəni-maarif proqramlarını hazırlayırdısa, 2020-ci ilin 44 günlük Zəfərlə başa çatan Vətən müharibəsi bu notları müsbətə doğru dəyişildi. Bu gün təhsil proqramlarında Vətən müharibəsi, qazandığımız Böyük Zəfər, Azərbaycan xalqının yeni tarixi, tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatlar əks olunur. Çünki cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünyagörüşünü artırılmalı, savadlanmalıdır. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyub saxlayır. Ölkəmizdə bu istiqamətdə görülən işlər hansı səviyyədir? 

Suallımızı cavablandıran tanınmış jurnalist Azər Həsrət mövzu ilə bağlı “Demokrat.az”a danışıb. O, qeyd edib ki, hazırda bu istiqamətdə bir sıra mühüm işlər görülür: “Bu gün ölkəmizdə bu istiqamətdə mühüm addımlar atılır. Sirr deyil ki, Vətən müharibəsi, qazandığımız zəfərlər barədə daim tədbirlər keçirilir, nəşrlər olur. Yəni istər bədii yaradıcılıq, istər görüntü yaradıcılığı, istərsə də elmi-kütləvi tədbirlərin keçirilməsi baxımından önəmli işlər görülməkdədir. Xüsusən də, orta məktəblərdə şagirdlərin vətənpərvərlik ruhunun ayaqda tutulması, eləcə də digər təhsil müəssisələrində bu işlərin təşkili baxımından xeyli işlər həyata keçirilir. Əlbəttə ki, bu işlərin hamısını birmənalı təqdir etmək olmaz. Yaxud da ki, hamısının üzərindən birmənalı xətt çəkmək olmaz. Ona görə ki, hər kəs bacara bildiyi qədər, bildiyi səviyyədə bu işi görür. O baxımdan deyərdim ki, ümumi mənzərə əlbəttə, ürəkaçandır. Hər kəs “bu, şorbada mənim də duzum olsun” deyib hərəkət etmək iqtidarındadır, həvəsindədir. Heç kim yaxasını çəkmir və heç kim bu prosesdən kənarda qalmaq istəmir. Bu baxımdan, təqdirəlayiq bir durum var. Amma ümumi sistemləşdirilmə, ümumi proqramlaşdırmaya da ehtiyac var.  

Söhbət ondan gedir ki, bizim 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəni hərə öz anladığı şəkildə təqdim etməməlidir. Bəzən hətta, televiziya kanallarımızda biz çox tanınmış insanların dilindən qələbə ilə bağlı fikirləri dinləyirik. O zaman sual yaranır ki,  niyə televiziyalar o cür onu efirə buraxır? İkincisi, bu adamlar niyə nə dediklərinin fərqində deyillər? Bəzən çox geniş yayılan bir ifadə var, az qala hamı onu işlədir. Biz filan şəhəri aldıq, filan kəndi aldıq. Yəni, Qarabağdan azad edilmiş torpaqlardan danışarkən belə ifadələr işlədilir, halbuki, bu yolverilməzdir. Təəssüflər olsun ki, televiziyalarımız bunu canlı verirlər. Biz heç kimdən heç nə almamışıq. Biz sadəcə olaraq torpaqlarımızı Ermənistanın işğalından azad etmişik. Çox zaman diqqətimi çəkir ki, erməni işğalından azad etmişik deyirlər. Biz oranıı Ermənistan adlı dövlətin işğalından azad etmişik, bunlar fərqli şeylərdir. Erməni işğalından azad etmişiksə, onda Qarabağda qalıb yaşayanlar kimdir? Ermənilər deyilmi onlar?  Onlar qalır və Azərbaycan dövləti onların yaşaması üçün təminat verir. Bu cür məsələləri tez bir zamanda sistemli şəkildə yoluna qoymaq lazımdır. Bunu sadəcə təhsil sahəsində çalışanlar deyil, ümumiyyətlə, dövlətin bu işlərlə məşğul olan qurumları, şəxsləri nizamlamalıdır. Biz çalışmalıyıq ki, yanlış ifadələr işlətməyək ki, bu ifadələr də gələcəkdə bizə qarşı çevrilməsin”.

Publisist-yazıçı Nəriman Əbdülrəhmanlı isə “Demokrat.az”a açıqlamasında bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni tarixə, həyata qədəm qoyub. O, vurğulayıb ki, cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə sonadək davam edəcək: 

“Bunun üçün cəmiyyətimiz daha da savadlanmalı və hərtərəfli informasiya ilə əhatələnməlidir. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün isə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, yenilərinin hazırlanmasına böyük ehtiyac var. Düzdür, Vətən müharibəsindən ötən bir il ərzində xeyli toplular nəşr olunub. Bu istiqamətdə xeyli tədbirlər keçirilib, bundan sonra da davam edəcək. Təbii ki, müharibənin nəticələri rəsmiləşdirildikdən və sülh müqaviləsi bağlandıqdan sonra bu işlər sistemli şəkildə davam etdiriləcəyinə şübhə yoxdur. Artıq müharibə ilə bağlı mövzular dərsliklərə salınıb ki, bu da gənclərimizin yeni tarixini öyrənməsində mühüm rol oynayır.

Bundan başqa, çox gözəl qəhrəmanlarımız haqqında filmlər çəkilir. Təbii ki, bu işləri bir ildə çatdırmaq çox çətin prosesdir. Bütün işləri qısa müddətdə görmək qeyri-mümkündür. Bu gün hər kəsi öz üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlir. Güman edirəm ki, bu istiqamətdə işlər yaxın müddətdə daha da sürətlə davam edəcək”. 

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Demokrat.az”a açıqlamasında diqqətə çatdırıb ki, Vətən müharibəsində qazandığımız böyük qələbənin təbliği, bu qələbənin əldə edilməsində xidmətləri olan şəhid və qazilərimizin geniş ictimaiyyətə tanıdılması, onların xatirələrinin əbədiləşdirilməsi üçün çox ciddi tədbirlərin görülməsinə ehtiyac var:

“Hazırda bu istiqamətdə genişmiqyaslı tədbirlər də həyata keçirilir. Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərimizin təbliği hesab edirəm ki, kompleks şəkildə həyata keçirilməlidir.  Xüsusən də, bu istiqamətdə ən böyük yük təhsil sahəsinin üzərinə düşür.  Hesab edirəm ki, təhsil sistemində yetişən gənc nəsillərə bizim Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən, uğurlu qələbədən, onun hərbi-siyasi və strateji əhəmiyyətinin başa salınması istiqamətində çox ciddi addımlar atılmalıdır. Düzdür, hazırda belə bir kitab hazırdır, məktəblər də tədris olunur ki, bu da çox təqdirəlayiq addımdır.  Eyni zamanda, zəfər tariximizin müxtəlif əlamətdar günləri ilə bağlı orta məktəblərdə, universitetlərdə müxtəlif dərs saatları da təşkil olunmalıdır. Bundan başqa, bu sahədə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifələr düşür. Media şəhid və qazilərin tanıdılmasında, onların keçdiyi şərəfli yolun təbliğ edilməsi istiqamətində ciddi işlər görməli, bu istiqamətdə sanballı nəticələr ortaya qoyulmalı, filmlər çəkilməli, verilişlər hazırlamalıdır, yəni kompleks işlər həyata keçirilməlidir. Biz Vətən müharibəsində əldə etdiyimiz milli birliyin daimi bir milli birliyə çevrilməsinə nail olmalıyıq. Hesab edirəm ki, yalnız kompleks tədbirlər sayəsində bunun nəticəsi daha effektiv olacaq”.

Aynurə Pənahqızı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top