Gözəlliklər diyarı Laçın göz oxşayan mənzərələri ilə öz sakinlərinə qucaq açıb

QARABAĞ 28 noy 2021, 11:35
Əsrlərdən bəri Azərbaycanın bərəkətli torpaqları yadellilərin işğalına məruz qalıb. Bölünüb, parçalanıb, mənimsənilib.

Müvəqqəti qalmaq adıyla ərazilərimizə yerləşdirilən ermənilər, məskunlaşdıqları yerlərdən yerli azərbaycanlıları sıxışdıraraq, əziyyət verərək çıxartmışlar. Bu yerlərdə yurd salıb, özlərinə Ermənistan Respublikası yaratmışlar. Lakin bununla da kifayətlənməyərək, erməni yurdsuzları vaxtaşırı azərbaycanlılara qarşı qırğınlar törətmiş, minlərlə soydaşlarımızı vəhşicəsinə qətlə yetirmişlər. Dəfələrlə azərbaycanlıları öz yurd-yuvalarından didərgin salmış, departasiya etmişlər.

Son qırğınlar, departasiyalar isə 1988-ci ildən başlanmışdı. Minlərlə insan öz tarixən yaşadıqları ev-eşiyini tərk edərək Bakıya, Gəncəyə, Sumqayıta, eləcə də Azərbaycanın digər rayon və şəhərlərinə üz tutmuş, pənah gətirmişdir.

90-cı illərin əvvəllərindən isə yeni torpaq iddiası ilə Ermənistan ordusu Azərbaycanın Qarabağ bölgəsinə və ətraf rayonlara hərbi təcavüz etmiş, yerli, dinc əhaliyə divan tutaraq öz tarixi torpaqlarından didərgin salmışdır.

1992-ci ilin may ayının 18-də isə Laçın rayonu erməni quldurlarının təcavüzünə məruz qalmışdır. 28 il Laçına, onun qeyri-adi gözəlliklərinə, mənzərəsinə, müalicəvi sularına, meşələrinə, dağlarına, sıldırım qayalarına sahib olmaq istəyən ermənilər buranı yalnız talan edə biliblər.

200-ə yaxın tarixi-mədəniyyət və memarlıq abidələrini, onlarla qala, kurqan, qədim qəbirüstü abidələri dağıdıblar. Tarix Diyarşünaslıq Muzeyinin eksponatlarını daşıyaraq xarici ölkələrə satıblar.

Erməni quldurları Laçında kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqlarını talan edib, satıb, yararlanıblar.

77 min nəfərdən artıq Laçın sakini isə öz əsrarəngiz təbiətli Laçınlarından ayrılaraq Azərbaycanın müxtəlif bölgələrinə məcburi köçkün kimi pənah gətirib. İşğal zamanı Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc sakin girov götürülüb.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu Ermənistanın təcavüzünə qarşı əks hücuma keçdi. Cəmi 44 gün çəkən Vətən Müharibəsi ərzində Qarabağ və ətraf rayonlar işğaldan azad edildi.

Noyabr ayının 10-da imzalanan Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçın rayonunu da öz tarixi sahibinə qaytarmalı oldu. Laçında qeyri-qanuni məskunlaşan ermənilərə isə öz əşyalarını götürüb getməyə şərait yaradıldı. Vaxtdan istifadə edən ermənilər isə evləri, meşələri yandırıb çıxdılar. Bütün dünya ermənilərin bu cinayətlərinin, bu vandallıqlarının şahidi oldu.

2021-ci ilin fevral ayının 14-də Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Laçın rayonunda səfərdə olmuş, Güləbird kəndində Azərbaycan bayrağını qaldırmışdı.

Laçında artıq infrastruktur layihələr həyata keçirilir. Su elektrik stansiyası işə salınıb. Yollar salınır, körpülər, tunellər tikilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək”.

Laçında artıq Beynəlxalq Hava Limanının tikintisinə başlanılıb. Ümumiyyətlə azad olunmuş ərazilərdə üç hava limanının inşa edilməsi nəzərdə tutulur. Hava limanlarının inşa edilməsi və bir çox infrastruktur layihələrin həyata keçirilməsi üçün artıq suveren respublikamızın hər bir imkanı var.

Gözəlliklər diyarı Laçın, dağları, qayaları, göz oxşayan qeyri-adi naxışlı mənzərələri ilə öz sakinlərinə qucaq açıb.

Bir vaxtlar laçınlılar buradan həsrətlə il boyu başı qarla örtülü olan Zəngəzur dağlarını seyr edirdilər.

Artıq bu həsrətə də son qoyuldu. Laçınlılar öz yurdlarına qayıtdıqdan sonra Zəngəzura da səfər edəcəklər.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top