Tural Abbaslı: “Minsk qrupunun dövrəyə girmə təhlükəsi var”

GÜNDƏM 22 noy 2021, 16:40
“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsindəki görüşündə ATƏT-in Minsk qrupunun dövrəyə girmə təhlükəsi var”.

Bunu Demokrat.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib. Partiya sədrinin sözlərinə görə, bu məqam Azərbaycan üçün sərfəli deyil: 

“Bu görüşdən şəxsən gözləntilərim o qədər də böyük deyil. İnanmıram ki, həmin görüşdə hansısa yeniliklər olsun və  sülh imzalansın. Qeyd edim ki, bu iki ölkə başçısının müharibədən sonra Putinsiz ilk görüşüdür. Fikrimcə, Rusiyanın təsiri və basqısı olmadan təkbətək görüş hər iki ölkə başçısı üçün daha səmərəli olacaq. Düzdür, burada ATƏT-in Minsk qrupunun dövrəyə girmə təhlükəsi var və bu da Azərbaycan üçün heç də sərfəli deyil. Bu görüşün Avropada keçirilməsinin bizim üçün təhlükəsi ATƏT-in Minsk qrupunun yenidən dövrəyə girməsidir, ancaq ümumən, bu görüşü faydalı hesab edirəm. Çünki hər iki ölkə başçıları bir-birilə səmimi şəkildə danışacaqlar və öz şərtlərini rahat şəkildə irəli sürəcəklər”. 

T.Abbaslı əmindir ki, Paşinyan da sülh istəyir: “Təbii ki, həm Paşinyan, həm də Azərbaycan tərəfi sülh istəyir. Burada əsas məqam sülhə görə hər birinin öz şərtlərinin olmasıdır. Hər kəs özünü haqlı hesab edir və ona görə də öz tələblərinin üzərində dirənir. Burada nə İlham Əliyev, nə də Nikol Paşinyan sülhün əleyhinə deyil, amma onlara əsas maraqlı olan hər kəs üçün ədalətli şərtlər altında bağlanan sülhdür. O baxımdan da düşünürəm ki, Ermənistan tələblərinə uyğun olaraq sülh sazişi imzalamağa hələ hazır deyil, bunun üçün bəzi nüanslar var. Xüsusəsn də, bu nüans Ermənistanın daxili siyasətiylə bağlıdır. Eyni zamanda təbii ki, ortada Rusiya faktoru var. Rusiya qətiyyən konfliktin birdəfəlik həll olunmasına xidmət edəcək bir sülh sazişinin bağlanmasını istəmir və ən azından da Ermənistana imkan verməz. Çünki öz mövcudluğunu qorumaq üçün Rusiyaya daimi konfilkt bölgəsi lazımdır. Ona görə də, o, burada bir nöqtə də olsa saxlamağa çalışır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top