Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının ilk iclası keçirildi — YENİLƏNİB

XARİCİ SİYASƏT 19 noy 2021, 17:06
Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclası keçirilib. Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiyanın Beynəlxalq Məsələlər Şurası tərəfindən birgə təşkil olunub.

Demokrat.az
xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya əlaqələrinin Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycan-Rusiya əlaqələrinin tarixi dərin köklərə əsaslandığını və ölkələrimiz arasında münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını, bu prosesdə iki ölkənin dövlət başçılarının etibarlı dialoqunun mühüm rolunu qeyd edən Hikmət Hacıyev iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib və münaqişəyə son qoyulub. Üçtərəfli Bəyanatın əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb.

Ölkələrimiz arasında qarşılıqlı fəal əməkdaşlıqdan danışan Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, indiki münasibətlərimiz Azərbaycanın və Rusiyanın tarixi ənənələrinə uyğundur. Rusiya-Azərbaycan Ekspert Şurasının ikitərəfli münasibətlərin dərinləşməsində böyük rolunu qeyd edən Hikmət Hacıyev Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşulacağına inamını ifadə edib.

Ekspertlər Şurasının iclasına videoformatda qoşulan Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib: “Rusiya-Azərbaycan Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.

Rus dilinin xalqlarımız arasında anlaşma dili olmasından məmnunluğunu ifadə edən Andrey Kortunov bildirib ki, Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq. Qafqaz xalqları öz qonaqpərvərlikləri ilə həmişə fərqləniblər. Yüz illər ərzində Qafqazda qapalı sistemin mövcudluğu çoxəsrlik problemlərdən biridir: “Region diqqət mərkəzində saxlanılmalı və əməkdaşlığımızın hüdudları genişlənməlidir”.

Qarşılıqlı münasibətlərdə konstruktivliyin əhəmiyyətindən danışan Andrey Kortunov obrazlı şəkildə deyib: “Azərbaycan və Rusiya zamanın və dünyanın axınında eyni gəmidə üzürlər”. Dünyanın nəhəng güclərindən olan Çinin Rusiya və Azərbaycanla əlaqələrindən bəhs edən Kortunov qeyd edib ki, pandemiyadan sonra əməkdaşlıqda marağı olan ölkələr arasında münasibətlərin yeni dinamikası hiss olunur.

“Azərbaycan-Rusiya arasında əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təminatına imkan verir”, - deyən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır. 3+3 formatının əhəmiyyətindən danışan rusiyalı səfir Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya məsələlərinin həll edilməsinin vacibliyini vurğulayıb.

Səfir Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdıran Mixail Boçarnikov ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsinin regionda təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm olduğunu və Azərbaycanın və Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşdüyünü bildirib.

Rusiya-Azərbaycan Ekspert Şurasının iclasının ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edən Elşad İskəndərov deyib: “Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir. Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır. Nəqliyyat və kommunikasiya şəbəkəsinin qurulması Avropa və Asiya ilə körpünün yaradılmasında çox əhəmiyyətlidir və bu da maraqlı tərəflərin iqtisadiyyatına, inkişafına mühüm töhfə verəcək”.

O, həmçinin bildirib ki, Azərbaycan-Rusiya əlaqələri iki ölkə lideri arasındakı qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır.

İki ölkə arasında yaxın münasibətlərdən danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Azərbaycan ilə Ermənistan arasında gərginliyin nizama salınmasında Rusiyanın dəstəyini qeyd edib. Bildirilib ki, Rusiya-Azərbaycan Ekspert Şurasının ilk iclasının keçirilməsi yenilikdir və ümid edirik ki, bugünkü toplantı Azərbaycan-Rusiya əlaqələrinin sonrakı inkişafına öz töhfəsini verəcək. Şura iki ölkənin ekspertləri arasında beynəlxalq münasibətlər üzrə fikir mübadiləsinin aparılmasında platforma rolunu oynayır.

Panel müzakirələri formatında davam edən Şuranın iclasında Azərbaycan və Rusiyanın ekspert mərkəzlərinin aparıcı nümayəndələri ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional təhlükəsizlik problemləri, qlobal çağırışlar fonunda əməkdaşlıq və iki dövlətin gündəmində olan digər aktual məsələlərlə dair təqdimatlar ediblər, fikir mübadiləsi aparıblar. Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə və Qarabağ münaqişəsinə son qoyulması ilə Cənubi Qafqaz regionunda formalaşmış yeni reallıqlar şəraitində Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

Çıxışlarda, həmçinin Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlik mövzusuna toxunularaq, regionda yeni hərbi eskalasiyasının yolverilməzliyi qeyd edilib. Eyni zamanda, Rusiya və Azərbaycanın regionda uzunmüddətli sabitlik konfiqurasiyasının qurulmasında maraqlı olduqları vurğulanıb.

Müzakirələrdə Rusiya Federasiyasının, Azərbaycan Respublikasının prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları 2020 il 10 noyabr və 2021 il 11 yanvar tarixli üçtərəfli bəyanatlarında müəyyən olunmuş məsələlərin gecikmədən həllinin zəruriliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan və Ermənistanın beynəlxalq tanınmış sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin tez bir zamanda başlanılması postmünaqişə gərginliyinin de-eskalasiyası üçün alternativi olmayan addımdır. Həmçinin regionda uzunmüddətli sülh üçün dayanıqlı əsas təşkil edən üçtərəfli bəyanatların icrasına mane olmağa yönələn regionxarici aktorların destruktiv təsirinin yolverilməzliyi vurğulanıb.

Ekspert Şurasının üzvləri Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsində ekspert ictimaiyyətinin əməkdaşlığının mühüm rolunu qeyd ediblər.

Tədbirin sonunda Rusiya-Azərbaycan Ekspert Şurasının fəaliyyətinin daimi əsaslarla həyata keçirilməsini ehtiva edən kommünike imzalanıb.

***10:53

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclası keçirilir.


Demokrat.az xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiyanın Beynəlxalq Məsələlər Şurası tərəfindən birgə təşkil olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andey Kortunov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və başqaları iştirak edirlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top