İlin sonuna qədər Ukrayna koronavirusa qarşı milli peyvəndini təqdim edəcək

DÜNYA 18 noy 2021, 18:02
“Hazırda 4 təşkilat koronavirusa qarşı Ukrayna milli peyvəndini hazırlayır. Bu ilin sonunda ilkin nəticələr təqdim olunacaq”.

Bunu “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmtindən bildiriblər.

Bildirilib ki, təşkilatlardan ikisi tədqiqat işləri aparır: “Biri Lvovda akademik Andriy Sibirnıy, digəri O.V.Palladin adına Biokimya İnstitutunun professoru Serhiy Komisarenko tərəfindən aparılır. 2021-ci ilin sonuna qədər bu komandalar araşdırmalarının ilk nəticələrini təqdim etməlidirlər. Bu, xüsusən də peyvəndin yaradılmasının mümkünlüyünün elmi əsaslandırılması və ya onun yaradılmasının texniki alqoritmləri olacaq” - deyə, nazirlikdən bildirilib.

Qeyd edilib ki, bu layihələr Ukrayna Milli Tədqiqat Fondu tərəfindən maliyyələşdirilir: “Ukrayna peyvəndi ilə fəal işləyən özəl qurumlar da var. "İndar" əczaçılıq şirkətindən tədqiqatçılar qrupu, Lekhim Əczaçılıq Şirkəti buna misaldır. Xüsusilə, “Lekhim” özəl səhmdar cəmiyyəti fəal şəkildə COVID-19-a qarşı öz peyvəndlərinin hazırlanması və əlavə olaraq Ukraynada toplu istehsalı, yəni hazır vaksinin qablaşdırılması və etiketlənməsi təşəbbüsü ilə çıxış edib. Lazım gələrsə, Ukrayna Səhiyyə Nazirliyi bu işin həyata keçirilməsi üçün bütün lazımi köməkliyi və təşkilati yardımı göstərəcək. Xarkov “Lekhim” zavodu koronavirus xəstəliyinə qarşı təsirsiz hala salınmış peyvəndin hazırlanmasına innovativ yanaşmalar tətbiq etməyi planlaşdırır. Tədqiqatlar tezliklə başlamalı və müvəffəqiyyətli olduğu təqdirdə peyvəndlərin bütün lazımi klinik sınaqlarına başlanılacaq”, - deyə, məlumatda bildirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top