İş adamının məhkəməsində şahidlər ifadə verdi

HADİSƏ 16 noy 2021, 15:00
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahidlər dindirilib.

İlqar İsmayılova qarşı “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat məxaric edilməsi ilə bağlı ittiham irəli sürülüb. 

Müdafiə tərəfinin ötən iclasda məhkəməyə təqdim etdiyi bu ittihamı təkzib edən “razılaşma” adlı sənəddən məlum olub ki, həmin mənzil 280 min manata deyil, 1 milyon manata alınıb və bu məbləğ 2013-cü ilin aprelində ödənilib. 

Razılaşma sənədi mənzili satan şəxsin adından Zeynalov Elçin və Əkbərov Əhməd adlı şəxslər, İlqar İsmayılov tərəfindən isə Qarayev Həbib adlı şəxs və sözügedən MTK-nın komendatı Xaliq Orucov tərəfindən imzalanıb. 

Müdafiə tərəfinin vəsatətinə əsasən Zeynalov Elçin,  Qarayaev Həbib və Xaliq Orucov məhkəmədə əlavə şahid qismində ifadə veriblər. 

Onlar sənədin məzmununu təsdiq edərək bildiriblər ki,  doğrudan da həmin mənzil İlqar İsmayılov tərəfindən 1 milyon manata - 100 min manat və 900 min manat olmaqla iki dəfəyə ödənilib, 2013-cü ilin aprelində alınıb. 

Müdafiə tərəfi bildirib ki, bununla da ittihamın İlqar İsmayılov tərəfindən “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-nin kassasından 2013-cü ilin iyun ayında 280 min manat məxaric edilməsi ilə bağlı dəlili təkzib edilmiş olur.

İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 yan 2022, 18:50
Top