İki dövlət, bir millət modeli — Azərbaycan - Türkiyə...

GÜNDƏM 16 noy 2021, 10:35
12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarbağın azad edilməsi işində göstərdiyi səylərə və Türk birliyinin daha da güclənməsi işinə verdiyi töhfələrinə görə “Türk Dünyasının Ali Ordeni”  ilə təltif olunması bütün Azərbaycan xalqını qürurlandırdı. Bu, bütün Azərbaycan xalqına olan qardaş məhəbbətinin, qardaş hörmətinin bariz göstəricisi idi.
          
30 il davam edən işğala Azərbaycan nəhayət 44 gün ərzində son qoydu.
          
Bu, 30 il ərzində ATƏT-in Minsk qrupunun dəfələrlə qəbul etdiyi qətnamələr elə kağız üzərində qalırdı. Ermənistan dünya birliyinin çağırışlarına və tələblərinə əhəmiyyət vermir və vandallığını davam edirirdi. Hətta yeni ərazilər iddiası ilə hər gün yaxın kəndləri atəşə tutur, dinc əhaliyə ziyan vururdu.
        
Beynəlxalq Millətlər Təşkilatının qətnaməsinə də Ermənistan etinasız yanaşmışdı. Lakin bu təşkilatların heç biri işğalçı tərəfi günhlandırmaq və yaxud cəzalandırmaq fikrində olmamışdır. 
        
Nəhayət xalqımız prezidentinin ətrafında yumruq kimi birləşərək Beynəlxalq Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələrini yerinə yetirdi.
        
Bu neçə ildə səbirsizliklə Ali Baş Komandanın əmrini gözləyən Azərbaycanın qəhrəman övladları könüllü olaraq vətəni qorumağa yollandılar.
        
Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasəti, bacarığı, tədbirliliyi, Milli Ordumuzun yüksək səviyyədə hazırlığı, səriştəsi, əsgərlərimizin şücayəti, qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində işğalçı Ermənistanın quldur ordusu darmadağın edildi. 
       
Cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndlərimiz işğaldan azad edildi. Ermənistan kapitulyasıya aktına imza atmağa məcbur oldu. Düşmən təslim oldu və yüzlərlə şəhər və kəndlərimizi bir güllə atmadan belə boşaltdı. 
       
Müharibənin başladığı ilk gündən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu elan etdi və bir an belə dili bir, dini bir olan qardaşlarını tək qoymadı.
       
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”.
       
Erməni vandalları işğal müddətində Azərbaycanın sərvətlərini talan etmiş, daşımış, ekologiyasına ziyan vurmuş, evləri, obyektləri, məktəb, xəstəxana və s. binaları yandırmışdı. Bir çox şəhər və kəndləri dağıdaraq tamamilə yer üzündən silmişdi. Torpaqlarımızı tərk edərkən isə əraziləri minalamışdır. Odur ki, öz doğma, 30 il həsrət qaldıqları  yurd-yuvalarına soydaşlarımız belə tezliklə dönə bilmirlər.
       
Müharibənin ilk günlərindən Azərbaycanın yanında olan, Azərbaycana həm siyasi, həm də mənəvi dəstək olan Türkiyə bu gün də öz doğma qardaşının yanındadır. Türk şirkətləri işğaldan azad olan rayonlarımızda yollar, körpülər salır, tunellər, elektrik stansiyaları tikir, hava limanları inşa edir. Hal-hazırda Türkiyə Şirkətləri Zəngilan Beynəlxalq  Hava limanının inşasında da iştirak edir.
      
Tarixən Azərbaycan torpağı olan Zəngəzur mahalının böyük hissəsi 1dekabr 1920-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilmişdir. Ermənilər burada minlərlə türkləri qətlə yetirmiş, yurd-yuvalarından didərgin salmışlar.
        
Artıq Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolu çəkilmək üzrədir. Bu yol həm Azərbaycanın böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq.
      
Azərbaycan Prezidenti İlham Əliyev: “Türk dövlətləri birliyinin sıraları ildən-ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir”.
       
Nəhayət haqq yerini tutdu. Ədalət zəfər çaldı. Bu zəfər qəhrəman Azərbaycan xalqını bütün dünyaya müzəffər bir xalq kimi tanıtdı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini, gücünü nümayiş etdirdi.
       
Yumruq kimi bir olduq, bir amal uğrunda, həqiqət, ədalət uğrunda vuruşduq, möhtəşəm qələbə çaldıq. Qürürla Qələbə paradı keçirdik. 
       
Bu paradda da Türkiyə Azərbaycanın yanında oldu. Türk xalqının görkəmli oğlu, böyük siyasətçi R.T.Ərdoğan paradda nitq söylədi: “Əziz Azərbaycan xalqı, Türkiyə Azərbaycanın yürütdüyü mücadilədə ən başdan etibarən bütün qurum və quruluşları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “iki dövlət, tək millət” şüarını rəhbər aldıq”.
      
Bəli, bu iki dövlət və bir doğma, qardaş millət həmişə bir olmuş, bir-birinə arxa, dayaq olmuş və sonzuza qədər də bir olacaq.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top