Samir Şərifov iç məsələləri niyə ictimai müzakirəyə çıxarır?

GÜNDƏM 12 noy 2021, 21:32

Son zamanlar maliyyə naziri Samir Şərifovun adı mediada tez-tez hallanmağa başlayıb. Bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin büdcəsi ilə bağlı yaşanan qalmaqaldan sonra sosial şəbəkələrdə qəzetlərin və saytların maliyyəsinin dayandırılması gah Media Agentliyinin qüsurları, gah da ki Maliyyə Nazirliyinin hansısa səbəbdən agentliyə pul ayırmaması ilə əlaqələndirildi. Elə bu gün cənab Şərifov QHT Agentliyi ilə bağlı yaranmış problemin səbəbini qurumun özündə axtarmağı məsləhət bildi. Bunun ardınca isə QHT təmsilçiləri açıqlamalar verərək naziri məlumatsızlıqda və əsassız danışmaqda günahlandırdılar. Lakin Samir müəllim tək bu məsələlərlə yadda qalmadı.

Bu gün Milli Məclisdəki çıxışında, o, Xarici İşlər Nazirliyinin təklifləri sırasında səfirlərin həyat yoldaşlarına maaş verilməsi məsələsinin yer tutduğunu xüsusi qabartdı. Nazirin məntiqinə görə, bu, nonsensdir və yolverilməz haldır. Görünür, S.Şərifov diplomatik xidmət sahəsində beynəlxalq təcrübədən bir o qədər də məlumatlı deyil. Əks təqdirdə o bilməliydi ki, səfirlərin həyat yoldaşları öz vətənlərini, işlərini tərk edib xaricdə yaşamağa məcbur olurlar və buna görə, bir çox ölkələrdə həm də onlara maaş verilir. Bununla yanaşı, hər bir səfir Azərbaycan dövlətini xaricdə təmsil edir. Onların yaxşı və ya pis şəraitdə yaşaması da Azərbaycan dövlətinin adı, onun imici ilə bağlıdır.

Həmçinin, bugünkü müzakirələr daha çox səfirliklərin iş şəraitini, təminatını yaxşılaşdırmaq ətrafında aparıldığı halda, nazirin birdən birə bu məsələni kontekstən çıxardıb xüsusi qaydada qabartması da maraqlı məqamdır. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə daha acınacaqlıdır. Çünki Samir Şərifov bununla hökumətin mətbəxində müzakirə olunan məsələləri ictimai müzakirəyə çıxarır və bu, birinci hal deyil. Təbii ki, bu cür açıqlamalar sosial mediada ciddi müzakirələrə səbəb olur və hökuməti, onun ayrı-ayrı strukturlarını hədəfə gətirir.

Sual yaranır, bunda məqsəd nədir? Əgər bu dövlət büdcəsi ilə bağlı mühafizəkar mövqenin təzahürüdürsə, onlarla istiqamət göstərmək olar ki, dövlət vəsaiti faktiki olaraq havaya sovrulur. Əgər bu hansısa məmurlardan ittiham hədəfi düzəltmək cəhdidirsə, belə halların müsbət qarşılandığını demək mümkün deyil. Bir anlıq təsəvvür etsək ki, dövlət orqanları daxili məsələləri öz aralarında deyil, açıq çıxışlar, məqalələr, mediaya açıqlamalar vasitəsilə həll edirlər, nə baş verəcəyini düşünmək belə çətindir. Hər halda, Samir Şərifov belə məsələləri bilməmiş deyil.

Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top