Minimum əməkhaqqı və ehtiyac meyarı artırılır —Kimlərin maaşı qalxacaq?

GÜNDƏM 05 noy 2021, 21:16
Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.
APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinfə əksini tapıb.Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.Xatırladaq ki, sonuncu dəfə minimum əmək haqqı 2019-cu ilin sentyabrın 1-də artırılıb.
Bəs, minimum əmək haqqının artırılması hansı sahələrdə çalışan muzdlu (əmək haqqı müqaviləsi əsasında) işləyən insanlara şamil ediləcək?


Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,685 milyon nəfərdir. Onların 900,6 min nəfəri dövlət sektorunda, 784,3 min nəfəri özəl sektorda işləyir.
Bu qərardan daha çox dövlət sektorunda çalışanlar faydalanacaq. Dövlət sektorunda işləyənlərin əksər hissəsini dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar təşkil edir. Burada xüsusi qaydada əmək haqqı alanlar istisna olmaqla digər bütün sahələrdə çalışanların maaşı artırılacaq. Bunlar Vahid Tarif Cədvəli üzrə maaş alanlardır.

Vahid Tarif Cədvəli üzrə maaş alanlara aşağıdakı sahələr aiddir:
– elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;
– dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;
– dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları;
– dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);
– dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.
Bu sahələrdə təxminən 450 min insan çalışır. Bundan başqa özəl sektorda çalışan və minimum əmək haqqı səviyyəsində maaş alan 165 mindən artıq insanın da maaşı artırılacaq.

Beləliklə, minimum maaşının artırılmasından ümumilikdə 610 mindən çox muzdlu işçi faydalanacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2021, 23:26
Top