Ağsu rayonunda 42 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Cəlil birgə yaşadıqları evdə arvadı Mahirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Cəlil hadisə günü səhər saat 07 radələrində yaşadığı fərdi yaşayış evinin həyətində arvadı Mahirə ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki ağac parçası ilə onun baş nahiyəsinə vuraraq xəsarət yetirib.
Faktla bağlı Cəlil barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində arvadı ilə barışdığını və münasibətlərinin tam bərpa olunduğunu bildirib. Zərərçəkmiş də ifadəsində əri ilə barışdığını təsdiqləyib və ona qarşı şikayətinin, eləcə də hər hansı tələbinin olmadığını deyib.
Ağsu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


