Gündəm

"Onların başında İran dayanır" – Çingiz Qənizadədən reaksiya

Onların başında İran dayanır – Çingiz Qənizadədən reaksiya

"Nazirlər Kabinetinin müvafiq qərarı konstitusiyanın prinsiplərinə uyğundur və hicab qadağası kimi qiymətləndirilməməlidir".

Demokrat.az musavat.com-a istinadən xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir: "Təbii ki, belə bir dövlətdə idarəçilik qanunlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının ali qanunu konstitusiyadır. Konstitusiyanın 18-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmin maddənin ikinci hissəsində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların təbliğinin qadağan edildiyi bildirilir. Konstitusiyanın 18-ci maddəsinin üçüncü hissəsində isə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı qeyd olunur. Bu müddəa onu göstərir ki, Azərbaycan Respublikasının dövlət təhsil sistemində dünyəvilik prinsipinə uyğun qaydalar, qanunlar və digər normativ aktlar tətbiq edilməlidir. Bu baxımdan, Nazirlər Kabinetinin təhsil verənlər və təhsil alanlarla bağlı qaydaları müəyyən edən müvafiq qərarı həmin şəxslərin vicdan və dini etiqad azadlığına qarşı yönəlmiş qərar deyil".

Onların başında İran dayanır – Çingiz Qənizadədən reaksiya

Onun sözlərinə görə, bu qərar vahid məktəbli formasının və müəllimlərin vahid geyim formasının müəyyənləşdirilməsinə xidmət edir: "Burada heç kəsin ləyaqəti alçaldılmır, dini etiqadına toxunulmur. Konstitusiyanın 48-ci maddəsində vicdan azadlığı təsbit olunur. Hər kəsin vicdan azadlığına konstitusion təminat verilir və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək hüququ tanınır. Bu baxımdan Nazirlər Kabinetinin qəbul etdiyi qərar Azərbaycan Respublikası Konstitusiyasının prinsiplərinə tam uyğundur. Bir daha vurğulayıram ki, bu qərar heç kəsin dini etiqad və vicdan azadlığına qarşı yönəlməyib. Sadəcə, dövlət təhsil sistemində həm müəllimlər, həm də şagirdlər üçün vahid geyim formasının müəyyənləşdirilməsinə xidmət edir".

Çingiz Qənizadə bəzi qüvvələrin bu məsələdən sui-istifadə etməyə çalışdığını deyib: "Çox təəssüf edirəm ki, ölkədə bəzi qüvvələr dövlətin hicaba qarşı addım atması ilə bağlı fikir formalaşdırmağa çalışır, radikal və xaricdən dəstək alan müəyyən qüvvələr isə bundan sui-istifadə etməyə cəhd göstərirlər. Ölkədə hicab qadağası deyilən bir şey yoxdur. Hicablı xanımlarımız, istər azyaşlı, istərsə də yetkinlik yaşında olan şəxslər, ölkənin ictimai həyatında görünür və fəaliyyət göstərirlər. Onlar kafelərdə, restoranlarda, toylarda, digər ictimai yerlərdə və mağazalarda hicabdan istifadə edirlər. Əgər ölkədə hicab qadağası olsaydı, hicab taxılması ümumiyyətlə qadağan edilərdi. Amma burada söhbət dövlət təhsil müəssisəsi olan məktəbdə hicabdan istifadəyə məhdudiyyət qoyulmasından gedir. Çünki bu, digər şagirdlərə müəyyən psixoloji təsir vasitəsinə çevrilə, onların düşüncələrinin formalaşmasına təsir göstərə və diqqətini tədris prosesindən yayındıra bilər. Bəzi hicablı müəllimlərlə bağlı görüntüləri də gördük. Onların ailə mühitində daha radikal düşüncələrin mövcud olduğu görünür. Həmin müəllimələr savadlı ola bilər, biz onların pedaqoji fəaliyyətinə də, bilik və bacarıqlarına da hörmətlə yanaşırıq, lakin ailə mühitinə xas olan müəyyən elementlərin şagirdlərə nümunə kimi təqdim edilməsinə və onların təqlid edilməsinə çalışıldığını görürük. Xüsusilə İranla bağlı müəyyən radikal qüvvələrə yaxın ailə üzvləri olan şəxslərin bu fürsətdən istifadə edərək təhsil müəssisələrində müəyyən təbliğat formalarına əl atmağa çalışmaları ilə bağlı görüntülər ortaya çıxdı".

Hüquqşünas təəssüf edir ki, bəzi insanlar bu məsələni yanlış başa düşdülər, bəziləri isə bilərəkdən onu ölkədə ictimai həyatın pozulmasına yönələn addımlara çevirməyə çalışdılar: "Çünki bunu arzulayan dövlətlər var və onların başında İran dayanır. Sosial şəbəkələr vasitəsilə ayrı-ayrı şəxslərin etiraz aksiyalarına və müqavimət göstərməyə çağırıldığının, ölkədə ictimai sabitliyin pozulmasına xidmət edə biləcək addımlara təhrik edildiklərinin şahidi olduq".

Çingiz Qənizadə qeyd edib ki, şagirdlər dərs başa çatdıqdan sonra, hətta məktəbin həyətindəcə baş örtüklərini yenidən taxaraq ictimaiyyət arasına çıxa bilər: "Tədris başa çatdıqdan sonra hər kəs hicabdan öz müstəqil seçiminə uyğun istifadə edə bilər. Hətta şagirdlər dərsdən çıxdıqdan dərhal sonra, elə məktəbin həyətindəcə baş örtüklərini yenidən taxaraq ictimaiyyət arasına çıxa bilərlər. Söhbət tədris binasının daxilində, tədris zamanı və siniflərdə tətbiq olunan qaydalardan gedir. Yəni ölkəmizdə küçədə, meydanda, stadionda, mağazada, kafe və digər ictimai yerlərdə hicabla görünmək qadağan deyil. Bunu düzgün dərk etmək lazımdır. Azərbaycan vətəndaşları səs verərək konstitusiyanı qəbul ediblər və hər bir vətəndaş onun bütün müddəalarına hörmətlə yanaşmalıdır".