Özəl Cəmiyyət

Əmlaka zərər vuranları hansı cəza gözləyir?

Əmlaka zərər vuranları hansı cəza gözləyir?

Şəxsi mülkiyyətə qəsdən zərər vurulması hüquqi məsuliyyət yarada bilən əməllərdən biridir. Avtomobilin cızılması, evə və ya obyektə məxsus əmlaka ziyan vurulması, başqasına məxsus əşyaların sındırılması kimi hallar həm maddi zərərin ödənilməsi, həm də qanunvericilikdə nəzərdə tutulan digər məsuliyyət tədbirləri ilə nəticələnə bilər.

Başqasının şəxsi mülkiyyətinə zərər vurulması hansı hallarda inzibati xəta, hansı hallarda cinayət hesab olunur? Bu zaman vurulan zərərin məbləği nə dərəcədə əhəmiyyətlidir?

Demokrat.az-a bu barədə danışan vəkil Ceyhun İsmayıllı bildirib ki, əsas məsələ dəymiş ziyanın qəsdən, yoxsa ehtiyatsızlıqdan vurulmasıdır.

Əmlaka zərər vuranları hansı cəza gözləyir?

Onun sözlərinə görə, hər hansı avtomobil qəza nəticəsində, yəni istəmədən və ehtiyatsızlıqdan zədələnirsə, həmin ziyanın ödənilməsindən boyun qaçırıldığı halda qarşı tərəfin mülki qaydada iddia qaldırmaq hüququ yaranır:

"Bu, mülki məhkəmə icraatı qaydasında həll olunan məsələdir və dəymiş ziyanın ödənilməsi mülki iddia əsasında tələb olunur. Amma kimsə avtomobili yandırırsa, suya atırsa, məsələn, onu itələyərək suya düşməsinə səbəb olursa və ya hər hansı əşya ilə qəsdən zədələyirsə, bu artıq əmlakı qəsdən məhv etmə əməli hesab olunur. Belə hallar Cinayət Məcəlləsinin 186-cı maddəsinin təsir dairəsinə düşür və müvafiq olaraq cinayət məsuliyyətinə səbəb olur".

Vəkil qeyd edib ki, mülki mübahisə ilə cinayət məsuliyyəti arasındakı əsas fərq qəsdin olub-olmaması ilə bağlıdır:

"Bu məsələdə məhkəmə təcrübəsi və Ali Məhkəmənin Plenum qərarları mühüm rol oynayır. Məcəllələr ümumi anlayışlar verir, lakin anlayışlar arasındakı incə məqamlar və fərqlər məhz məhkəmə təcrübəsi əsasında qiymətləndirilir. Nəticədə müəyyən olunur ki, konkret hal mülki münasibətlər çərçivəsində həll edilməlidir, yoxsa cinayət məsuliyyətinə səbəb olur".

FH
Fidan Hacızadə
Müxbir