Balıqçılığın strateji əhəmiyyəti və Azərbaycanın potensialı: bu sahənin inkişafına necə nail ola bilərik? — VİDEO

SOSİAL 05 noy 2021, 15:00
Azərbaycanda potensial inkişaf imkanı olan, lakin regionun digər ölkələrui ilə müqayisədə geridə qalan sahələrdən biri də balıqçılıqdır. Balıqçılığın inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsindən tutmuş, yeni iş yerlərinin açılmasına qədər müxtəlif sahələrə təsir edə biləcək amildir.

Balıqçılığın dünyada tutduğu yerə, xüsusilə ərzaq təhlükəsizliyində oynadığı rola diqqət etdikdə də bunun əhəmiyyəti daha aydın görünür.

BMT-nin hesabatlarına əsasən balıqçılıq və akvakultura aclıqla mübarizədə, əhalinin işlə təmin edilməsində əhəmiyyəti paya sahibdir. Ümumilikdə dünya əhalisinin 12 faizi həyatını balıqçılıqla təmin edir. Balıqçılıq sektorunda məşğulluq da dünya əhalisinin sayı ilə müqayisədə son illər yüksək templə artmaqdadır. Bununla yanaşı, 1960-cı ildən keçən dövr ərzində balıq istehlakı 2 dəfə çoxalıb və 2018-ci ildə adambaşına təqribən 19 kiloqram təşkil edib. 

Hazırda dünyada zülal qəbulunun, təxminən, 17 faizi balığın payına düşür. Bəzi sahilyanı və ada dövlətlərində isə bu göstərici hətta 70 faizi ötür. 

FAO ekspertlərinin fikrincə, planetdə əhalinin sayının çoxalması ilə əlaqədar ərzağa artan tələbatı balıqçılıq təsərrüfatı hesabına ödəmək olar.

Azərbaycanda balıqçılığın vəziyyəti və potensialı

Xəzər dənizinə çıxışı olan Azərbaycan üçün də balıq istehlakı aktual məsələlərdən biridir. Azərbaycanın dəniz sahilinin uzunluğu 955 kilometrdir. Bununla yanaşı, paytaxt Bakı Xəzərin sahilində yerləşir və ölkə əhalisinin 20 faizindən çoxu paytaxtda yaşayır. Azərbaycan bu qədər əlverişli coğrafi mövqeyə malik olsa da, rəsmi statistikaya görə ölkə əhalisinin illik balıq əti istehlakı 7,1 kiloqramdır. Digər regionlarla müqayisədə bu olduqca azdır.

- Rusiyada adambaşına düşən balıq istehlakı 22 kiloqramdır. 

- Şimali Amerikada bu 24, Avropada 21 kiloqram təşkil edir. 

- Dəniz məhsullarının ən çox sevildiyi Yaponiyada il ərzində adambaşına 60 kiloqram balıq və balıq məhsulları istehlak olunur.

Ermənistanın göstəriciləri

Azərbaycan Cənubi Qafqazda da balıq istehlakına görə geridə qalır, xüsusilə Ermənistandan. Şirin su ehtiyatlarına görə regionda ilk yerdə olan Ermənistan balıqçılıqda bu faktordan səmərəli istifadə edir. Ermənistanda Ararat bölgəsində qeydə alınmış 234 ədəd balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Onlar ümumilikdə 2677 ha ərazini əhatə edirlər. Bu ərazilərin 70 faizində məhz süni yaradılmış su hövzələrindən istifadə edilərək balıq yetişdirildiyini xüsusi diqqət çəkir. Bu o deməkdir ki, burada artıq intensiv balıqçılıqla məşğul olunur ki, bu da öz növbəsində istifadə olunan ərazidə işçi sahəsinə mütənasib olaraq daha çox məhsul istehsal edilməsinə gətirib çıxarır. 

2009-cu ildə bu təsərrüfatlardan 22-si Ermənistan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasına, 4 müəssisə isə Avropa Birliyi ölkələrinə ixrac icazəsini alıb. Həmin təsərrüfatlardan ən böyük istehsal gücünə malik ikisini qeyd etmək lazımdır ki, bunlar “UNİ FİSH” və “AKVATEX AVTOMATİKA”-dır.

Qeyd etmək lazımdır ki, Ermənistanın əmtəə balıqçılıq təsərrüfatları son 20 il ərzində 15 növ balıq yetişdirməyə və bu sahədə artıq böyük təcrübə qazanmağa nail olmuşdur. Bu növlər arasında əlvan və Sevan (Göyçə) qızılxallısı, nərəkimilərin müxtəlif növləri və gibridləri, qeqarkunya, karp, naxa və sairləri əsas yer tuturlar. Artıq 2013-cü ildə Ermənistan nərə əti istehsalı üzrə dünya liderləri arasında yer almışdır. FAO rəsmi statistik göstəricilərinə görə, dünyada 64.800 ton nərə əti istehsal olunur. İstehsalçı dövlətlər arasında Ermənistan Çin və Rusiya kimi dövlətlərdən sonra üçüncü pillədə qərarlaşır.

Azərbaycan nələr edə bilər?

Azərbaycanın mövcud potensialı balıqçılıq sahəsinin inkişaf etdirilməsinə və Ermənistanın əhəmiyyətli paya sahib olduğu bu sektorda irəliləməyə imkan verir. Prezident İlham Əliyev balıqçılıq sektoruna həmişə xüsusi diqqət yetirib. Bu ilin fevral ayında Zəngilan rayonunun “Bəsitçay” dövlət qoruğunda Həkəri çayına forel balıqlarının buraxılmasını və dövlət başçısının işğaldan azad olunmuş digər rayonlarda bu sahənin genişləndirilməsi ilə bağlı fikirləri bunun bariz nümunəsidir.

Balıqçılıqda əsas rol oynayan amillərdən biri də yemçilikdir. Bəzi sahilyanı dövlətlər yemçiliyin, xüsusən də akvakultura (əmtəə balıqçılıq) sahəsində məhsuldarlığın artırılması, eləcə də balıqçılıq sahəsində məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə hətta Dövlət Proqramlarında altproqramlar qəbul edir, bütövlükdə bu sahəyə ciddi önəm verərək onun subsidiyalaşdırılması üçün müvafiq qərarlar qəbul edirlər.

Qazaxıstan Baş nazir müavinin 04.10.18-ci il tarixli 408 saylı əmri ilə akvakultura (əmtəə balıqçılıq) sahəsində məhsulun keyfiyyətinin və məhsuldarlığın artırılması istiqamətində subsidiyalaşdırma qaydaları təsdiq edilib. Bu qaydalara əsasən balıq yeminin 30 faizinin subsidiyalaşdırılması nəzərdə tutulur. 

Göründüyü kimi, qonşu Xəzəryanı dövlətlərdə (İran, Rusiya, Qazaxıstan) artıq bu sahənin subsidiyalaşdırılması üçün zəruri normativ hüquqi sənədlər qəbul edilibdir.

Azərbaycan bu ölkələrin təcrübəsindən istifadə edərək, potensial imkanları geniş olan balıqçılığın inkişafı istiqamətində addımlar ata bilər. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsi, həm də yeni iş yerlərinin yaradılması baxımından vacibdir. Razılaşdırılmış qaydalar çərçivəsində akvakultura (əmtəə balıqçılıq) subyektlərinin bəzi xərclərinin ödənilməsi də bu sahəyə qoyulacaq investisiyaların daha faydalı olacağına inamı artırır.

Qeyd edək ki, deputat Məşhur Məmmədov Milli Məclisin iclasında balıqçılığın inkişafı üçün vergi güzəştlərinin tətbiqi ilə bağlı məsələ qaldırıb.
 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top