Ata Abdullayev üsyan etdi: “İnşallah, mən də buradan çıxaram”

HADİSƏ 02 noy 2021, 13:00
Həbsdə olan bloqer Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Elçin Ələkbərov ifadə verib.

Şahid bildirib ki, telefon alqı-satqısı ilə məşğul olub: “Elmarla dostluq münasibətimiz var. Yaxın dostumun tanışıdır. Mənə zəng etdi ki, "İphone 11 ProMax"  hazır elə, mən də hazır etdim. Ortaq dostumuz Elgiz gəldi, məndən telefonu aldı. Telefonu 2400 manata satdım. Telefonun kimə alındığından xəbəri olmayıb. Elmar dedi ki, telefon hədiyə veriləcək. Sonradan Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verəndə bildim ki, telefon Ata Abdullayevə alınıb”. 

Şahid qeyd edib ki, Ata Abdullayevlə tanışlığı olmayıb: “Sadəcə videobloger kimi sosial şəbəkələrdən tanımışam”.

Bu zaman Ata Abdullayev şahiddə telefonun nə zaman alındığını soruşub. Şahid isə telefonun alınması tarixini xatırlamadığını deyib. 

Daha sonra Ata Abdullayev bildirib ki, Elmar izahatında telefonu 2019-cu ildə verdiyini deyib: “Amma mən 2019-cu ildə Azərbaycanda olmamışam”.

Daha sonra şahid qismində Elgiz Əliyev ifadə verib. O bildirib ki, zərərçəkən Elmar Əliyevlə yaxın dost olublar: "Dostlarımız dedi ki, Ata Abdullayev Elmarla bağlı nəsə paylaşır. Mən Elmarla danışdım. Dedi ki, Ata Abdullayev onun haqqında videolar hazırlayıb, şantaj edir. 

Məsələnin də Tural Heydərlidən qaynaqlandığını dedi. Mən bilirdim ki, Turalla Elmarın problemləri vardı. Tural da onu şantaj edirdi. Elmar onla bağlı Səbail rayon Məhkəməsinə müraciət etmişdi. Hətta birdə Elmar şər atmışdı ki, onu döyüb. Elmara cinayət işi açırdılar. Elmar mənə zəng etdi ki, Elçinin telefon dükanına gedib, telefon götürmək lazımdır. Mən razılaşdım. Pulu ondan  alanda dedi ki, Ata Abdullayev şantaj etdiyi üçün ona telefon verəcək. Elçindən 2400 manata telefonu aldım. Ataya zəng edib, dedim ki, telefon məndədir. 28 may metrostansiyasının yaxınlığında maşında gözləyirdim. Bir nəfər yaxınlaşdı və telefonu götürməyə gəldiyi dedi. Həmin adamı tanımadım, nə də adını bilmədim, telefonu ona verdim. Telefonu verəndən sonra Elmara məlumat verdim”.

Ata Abdullayev şahidin çıxışına etiraz edib: "Bilirsiniz ki, şantaj etmək bu deyil. Şantajı 2016-cı ildə Surxaygil (“Bizim Dövr” qəzetin baş redaktoru Surxay Əliyevi nəzərdə tutur) edib. Onlarda qat-qat bundan çox ediblər. Cildlərlə cinayət işi materialları vardı. Lakin məhkəmənin humanistliyindən onlar məhkəmə zalından azadlığa çıxdılar. İnşallah mən də buradan çıxaram”.

Daha sonra şahid qismində ifadə verən Ata Abdullayevin xalası oğlu Səməd Məmmədov bildirib ki, onun sosial şəbəkə səhifəsini idarə edib: “İşim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları mən etməmişəm. Sadəcə mənə tapşırılan videoları montaj etmişəm. Ata Abdullayevin kimdənsə pul tələb etməyini eşitməmişəm, görməmişəm”.

Növbəti proses sentyabrın 16-da davam edəcək. 

İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.

Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib.

Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.

Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat tələb edib. O, Şahlar Həsənovu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul istəyib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top