Hafiz Hacıyev partiya sədrlərini koronavirusa yoluxdurub? — AÇIQLAMA

GÜNDƏM 02 noy 2021, 10:53
Oktyabr ayının 7-də Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin Şuşa şəhərinə səfəri baş tutub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müşayiət etdiyi səfərdə ölkənin əksər siyasi partiyalarının sədrləri və rəsmiləri iştirak edib.

Lakin sözügedən səfərdən qısa müddət sonra Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub. O, ağciyərində buzlaşma olduğu üçün süni nəfəs aparatına da qoşulub.

Partiyanın sədr müavini Könül İsmayılova son açıqlamasında bildirib ki, 17 oktyabr 2021 -ci il tarixindən Hafiz Hacıyev Gömrük hospitalında müalicə alır: "Hafiz müəllimin səhhəti yaxşılaşmağa doğru gedir. Saturasiyası 92-dir, bədəndə olan infeksiya azalıb, aparatla oksigen qəbulunun faizi artıb. Reanimasiyada müalicəsi davam edir, stabildir. Maraqlanan, zəng edən, diqqət göstərən hər kəsə təşəkkür edirik". 

Bəs görəsən, Hafiz Hacıyevlə Şuşada birgə səfərdə olanlardan koronavirusa yoluxan varmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Redaktor.az-a bildirib ki, səfər vaxtı Hafiz Hacıyevlə yaxın kontaktı olmayıb:

“Şuşaya biz ayrı-ayrı avtobuslarda səfər etmişik. Mən özüm daha əvvəl koronavirusa yoluxub sağalmışam. Yoluxduqdan sonra iki doza peyvənd olmuşam. Allah Hafiz Hacıyevə də şəfa versin".

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qeyd etdi ki, yoluxma riski həmişə var:

“Lakin mən daha əvvəl bu xəstəliyə yoluxmuşam. Sağldıqdan sonra iki dəfə də vaksin olunmuşam. Başqa nə etmək olar ki? Bundan sonrası Allaha qalıb. Hazırda özümdə heç bir əlamət hiss etmirəm”.

Keçmiş deputat, Yeni Azərbaycan Partiyasının üzvü Çingiz Qənizadə bildirdi ki, o, bir il əvvəl bu xəstəliyə yoluxub:

“Ev şəraitində müalicə aldım. Sağaldıqdan sonra iki doza peyvənd olundum. Hazırda sağlamam və heç bir simptom hiss etmirəm. Amma həyatdır, hər şey ola bilər”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu qeyd etdi ki, Şuşaya getməzdən əvvəl namizədlərin hər birindən COVİD-19 testi götürülüb:

"Dəvət olunan şəxslərin üçündə testin cavabı pozitiv çıxdığına görə onlar bizim karvanımıza qoşula bilmədi. Şuşaya gedən hər bir iştirakçının test cavabı neqativ olub. Mənə gəldikdə isə sağlamlığımla bağlı heç bir problem yoxdur”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top