Qələbə — əldə olunan nəticələr və qarşıda duran vəzifələr

GÜNDƏM 23 okt 2021, 16:57
II qarabağ müharibəsi zamanı bir sıra döyüşlər vardır ki, onlar müharibənin gedişində çox böyüş strateji əhəmiyyət daşıyıb. Onlardan da biri Füzüli rayonunun işğaldan azad edilməsidir. İndi həmin anları böyük fərəh hissi ilə xatırlayırıq. Bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağını qədim və əzəli torpağımızda havaya qaldırıb. Uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. 

Heç şübhəsiz ki, 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz həmin gün böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi. 

Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzulinin işğalçılardan azad edil məsi, vbelə demək mükünsə, düşmənin belini qırdı. Füzuli uğrunda gedən çox şiddətli döyüşlərdən igid Azərbaycan oğulları qaluib çıxdı. Bu qalibiyyətə öz döyüş ruhları, qələbə əzmi və böyük inamları sayəsində nail oldular. Bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmənin güclü müqavimət göstərməsinə baxmayaraq Silahlı Qüvvələrimiz öz tarixi missiyasını yerinə yetirdi. Qarşılarına qoyulmuş vətən borcuna layiqincə nail oldu. 

Füzuli şəhərinin əhəmiyyətini artıran məqamlardan biri də şəhərin strateji yerləşməsi ilə əlaqədardır. Belə ki, Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu. 

Azərbaycan ordusunun işğalçıları qovmasından və torpaqlarımızı işğaldan azad etməsindən sonra bu ərazilərdə geniş şəkildə quruculuq işlərinə başlanıldı. Hər kəs bilməlidir ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bunun üçün Azərbaycanın yetəri qədər gücü və imkanları vardır. Artıq ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Nəzərə almaq lazımdır ki, bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. 

Bu il oktyabrın 17-də  Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu məsələlərə də toxunaraq bildirib ki, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. 

“Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi salınacaq. Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır. 
Prezident İlham Əliyev Füzuliyə həyatın qayıtdığını önıə çəkərək qeyd edib ki, artıq Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır. 

Bu gün qarşımızda duran məsələlərdən biri də tarixi həqiqətlərin təhrif olunmadan gələcək nəsillərə çatdırılmasıdır. Otuz il əvvəl oktyabrın 18-ə Azərbaycan dövləti öz müstəqilliyini elan etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Bu gün Azərbaycan müstəqil ölkə olaraq Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu. 

1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. Gələcəkdə düzgün addımların atılması üçün gənc nəsil bu həqiqətləri tanımalıdır. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bu edilmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi.

Artıq Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq gücündədir. 

Seymur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top