"Füzuli Beynəlxalq Hava Limanının inşası dünya praktikasında nadir təcrübədir"

GÜNDƏM 19 okt 2021, 11:00
“Füzulinin işğaldan azad olunmasının ildönümündə Prezident İlham Əliyev bu bölgəyə səfər etdi, eyni zamanda rayon ictimaiyyəti ilə görüşdü. Füzulinin azad olunmasından ötən qısa müddətdə həyata keçirilən yüksək səviyyəli bərpa-quruculuq işləri bir daha təsdiqləyir ki, bura həyat qayıdır və qayıdacaq. Dövlət başçsının da söylədiyi kimi, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. 



Dövlət başçısının Füzuliyə səfərinə və şəhərdə aparılan işlərə toxunan deputat keçən müddət ərzində Füzulidə böyük işlərin görüldüyünü qeyd edib:

“Ali Baş Komandan İlham Əliyev müharibə başa çatandan dərhal sonra bəyan etmişdi ki, bütün azad olunmuş ərazilərimizə həyat qayıdacaq. Biz bu gün bu prosesin canlı şahidiyik. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin, Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Ən vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan bu işləri öz vəsaiti hesabına reallaşdırır. Üstəlik, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırır və verilən xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur, burada yüz mindən çox mina basdırılıb. Yəni, Azərbaycan mövcud çətinliklərə baxmayaraq, bərpa prosesini sürətlə həyata keçirir”.

Deputat bildirib ki, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının inşa olunması beynəlxalq praktikada nadir təcrübədir:

“Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyuldu. Eyni zamanda, Füzuli şəhərinin də baş planı təqdim edildi. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyuldu. Ən önəmli məsələ isə budur ki, bu yeniliklər rayon ictimaiyyətinin iştirakı ilə reallaşır. Görülən işlər onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top