Füzulidə Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyuldu — FOTOLAR

SƏNAYE VƏ ENERGETİKA 18 okt 2021, 11:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.

Demokrat.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Mərkəz haqqında məlumat verib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Diqqətə çatdırılıb ki, Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları online qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

Prezident İlham Əliyev Mərkəzin təməlini qoyub.

Qeyd edək ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra “Azərişıq” ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top