Ekspert: "Dövlət başçısı bununla İranın xarici siyasətini ifşa etdi"

GÜNDƏM 15 okt 2021, 15:33
“Azərbaycan mehriban qonşuluq münasibətləri qurmaq, ərazi bütövlüyünə hörmət edilməsini istəyir, lakin biz İranın timsalında tamamilə əks proseslərin şahidi oluruq. İranın işğal dövründə ərazilərimizdə atdığı qanunsuz addımlar atdığı, meşələri qırdığı, təbii resursları qanunsuz istismar etdiyi məlumdur. Prezidentin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında buna toxunması İranın Azərbaycana qarşı siyasətini davam etdirməsi ilə bağlıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib.

Ekspert qeyd edib ki, dövlət başçısının çıxışında İranın addımlarına toxunması həm də İranın ifşa olunması deməkdir:

“Prezident çıxışında İranın Ermənistanla birlikdə işğal dövründə Qarabağdan tranzit olaraq istifadə etməsinə diqqət çəkdi, işğal altında olan ərazilərdə meşələrin qırıldığını bildirdi. Dövlət başçısı bununla həm də İranın xarici siyasətini ifşa etmiş oldu. Düşünürəm ki, İranın bu cür ifşası onun Azərbaycana qarşı siyasətindən əl çəkməməsi ilə bağlıdır. İran Qarabağın azad edilməsini həzm edə bilmədiyini göstərdi. Qarabağın azad edilməsi narkoticarətin, silah qaçaqmalçılığının İranın əlindən çıxması deməkdir. Bu, çoxistiqamətli qeyri-leqal fəaliyyətə zərbə vurulmasına və milyard dollarla pulun itirilməsinə bağlıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycan məhz bu cür açıqlamalar və mövqeyi ilə İranın siyasətini dəyişdirməsinə nail olmalıdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanın bu addımlarına görə İrandan təzminat tələb etmək hüququ var:

“Azərbaycan keçmiş işğalda olan ərazilərdə etdiyi əməllərə görə İrandan təzminat tələb edə bilər. İran bu addımlarına görə beynəlxalq məhkəmələrə verilməli və bu əməllər sübut olunmalıdır. Bizdə buna dair sübutlar da var, amma Azərbaycanın niyyəti fərqlidir və bu niyyəti açıq şəkildə bəlli edib. Biz münasibətlərin normallaşmasını istəyirik, amma bu, qarşılıqlı şəkildə həyata keçirilməlidir”.

Ə.Əlibəyli vurğulayıb ki, Azərbaycanın apardığı siyasət İranı seçim qarşısında qoyacaq:

“Azərbaycanın silahlanması davam edir və qonşularımızın ərazi bütövlüyümüzə və milli təhlükəsizliyimizə zərbə vurmağa çalışması ordu quruculuğunda daha böyük işlər görməyi, müasir silahlarla təchiz olunmağı zəruri edir. Bu fəaliyət davam etdikcə, İran müəyyən güzəştlərə getmək məcburiyyətində qalacaq. Müttəfiqlərimizlə daha böyük təsir orbiti yaratmalıyıq. Dünya azərbaycanlıları üzərində ixtisaslaşmış beyin mərkəzlərimizin fəaliyyətini genişləndirməliyik. Həmçinin, ölkədə İran adına iş aparan agenturanın zərərsizləşdirilməsi ilə bağlı geniş əməliyyatlar aparılmalıdır və bütün bunlar beynəlxalq hüquqa, ölkələrin bərabərliyinə əsaslanan formada olmalıdır. Paralel olaraq, Azərbaycan İranı səmimi əməkdaşlığa çağıracaq təkliflər də hazırlamalıdır. Yəni Azərbaycan hər iki seçimi – həm İranın cəzalandırılmasını, həm də əməkdaşlığı – açıq şəkildə qarşıya qoymalıdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top